Daha bir Fond “Elektron hökumət” portalında

Daha bir Fond “Elektron hökumət” portalında
  31 Yanvar 2018    Oxunub:1419
Bu gündən etibarən “Əmanətlərin Sığortalanması Fondu”nun təqdim etdiyi “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən, onlayn olaraq portal üzərindən edə biləcəklər.

"Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edərək əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu Azərbaycan prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli fərmanına əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi hallarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycanda maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

AzVision.az


Teqlər: Elektron-hökumət  





Xəbər lenti