Bağlanan bank kompensasiyanı nağdsız qaydada verəcək
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.
"Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur. Kompensasiyaların ödənilməsi üçün ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər", - deyə məlumatda vurğulanıb.
Xatırladırıq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.
AzVision.az
Teqlər: DəmirBank Kompensasiya