Sekuta: “İslahatlar Azərbaycanın beynəlxalq reytinqini yüksəldib”

Sekuta: “İslahatlar Azərbaycanın beynəlxalq reytinqini yüksəldib”
  01 Fevral 2018    Oxunub:2998
İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığını və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına, xüsusilə də Mingəçevir Sənaye Parkına investisiya yatıra biləcəyini diqqətə çatdırıb. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirlərini bildirən Şahin Mustafayev bildirib ki, hazırda AmCham ilə Azərbaycanın ixrac missiyasının ABŞ-a səfərinin təşkilinə dair danışıqlar aparılır. ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat naziri 2017-ci ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, sistemli iqtisadi islahatların aparıldığını, kompleks tədbirlərin həyata keçirildiyini və müsbət nəticələr əldə edildiyini vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiya təşviqi mexanizminin tətbiqi, sənaye parkları və məhəllələrinin yaradılması belə tədbirlərdəndir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ötən ilin mühüm hadisələrindəndir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi isə davam etdirilir. Ələtdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır, nəqliyyat sahəsində infrastruktur layihələri icra olunur.

2016-cı və 2017-ci illərdə Vaşinqtonda keçirilmiş Trans-Xəzər Tranzit Dəhlizi forumlarında Azərbaycanın tranzit imkanlarına dair təqdimatların keçirildiyini xatırladan Ş. Mustafayev bildirib ki, belə tədbirlər 2018-ci ildə də davam etdiriləcək: "Belə ki, bu ilin fevralında Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Həmçinin, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq".

Azərbaycanın turizm sahəsində də böyük potensiala malik olduğunu vurğulayan Ş. Mustafayev bu sahədə bir sıra layihələrin reallaşdırıldığını və tədbirlərin keçirildiyini bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb, ABŞ-ın Bakı-Tbilisi-Qars layihəsinə marağını diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən islahatlardan danışan Robert Sekuta vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası və islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib, islahatlar korrupsiyaya qarşı mübarizə və biznes mühitinin yaxşılaşdırılmasında önəmlidir. ABŞ səfiri həmçinin, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq, ABŞ-ın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələr barədə fikirlərini bildirib.



AzVision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti