Xırdalanın içməli su təchizatı yenilənir

Xırdalanın içməli su təchizatı yenilənir
  01 Fevral 2018    Oxunub:2041
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
“Azərsu”-dan AzVision.az–a verilən xəbərə görə, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanıb. Layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan + 118 “Abşeron” və +82 “Masazır” su anbarlarının , həmçinin anbarlardan şəhərə qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin tikintisi nəzərdə tutulur. Hazırda tutumu 10 min kubmetr olan + 118 “Abşeron” su anbarının inşası davam etdirilir, +82 “Masazır” su anbarlarının tikintisinə isə hazırlıq görülür.

Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 48 km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulub.

Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km uzunluğunda kanalizasiya şəbəkəsinin indiyədək 21 km-lik hissəsi tikilib. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.

Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilən digər layihə çərçivəsində Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin də içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Artıq bu layihə üzrə tikinti-quraşdırma işlərinin birinci mərhələsi yekunlaşıb.

AzVision.az



Teqlər: Azərsu  





Xəbər lenti