Azay Quliyev “Avropa Gənclər Parlamenti”nin nümayəndələrini qəbul edib

Azay Quliyev “Avropa Gənclər Parlamenti”nin nümayəndələrini qəbul edib
  10 Fevral 2018    Oxunub:3247
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Mənim Parlamentim – My Parliament” layihəsinin qonağı olub.
AzVision.az xəbər verir ki, Azay Quliyev görüş üçün müraciət edən Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 25 nəfərlik heyəti görüş üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına dəvət edib.

Dəyirmi masa formatında baş tutan maraqlı və interaktiv görüşdə Azay Quliyev QHT Şurası və ATƏT PA-nın fəaliyyəti fəaliyyəti ilə bağlı gənclərə geniş məlumat verib. A.Quliyev, eyni zamanda, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini bildirmiş və onların suallarını cavablandırmışdır. O, eyni zamanda ATƏT PA-nın vitse-prezidenti kimi, ATƏT ilə Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyini sıx əməkdaşlıq qurmağa dəvət edib.

Azay Quliyev həmçinin Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilməsi nəzərdə tutulan “Qarabağ Beynəlxalq Forumu”nun əhəmiyyətindən danışıb və qeyd edilən beynəlxalq forumun təşkili və gündəliyi ilə bağlı tövsiyələrini bildirib.

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. “Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.

AzVision.az



Teqlər: Azay-Quliyev  





Xəbər lenti