56 obyekt üzrə geoloji kəşfiyyat aparılıb
Bu təzahürlərdə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində “Çavuştəpə” gilcə yatağı üzrə 3459 min kubmetr həcmində gilcə, “Daşlı qum-çınqıl yatağı üzrə isə 2810 min kubmetr həcmində qum-çınqıl ehtiyatları C2 kateqoriyası ilə hesablanıb. Kür çayının aşağı axarında Sabirabad şəhərindən Salyan rayonunun Qarabağlı kəndinədək olan ərazidə hər iki sahil boyunca 5 kilometrə qədər zolaq daxilində kompleks ekoloji-hidrogeoloji və mühəndisi-geoloji tədqiqat işləri yerinə yetirilib. Bu regionda Cəlilabad və Neftçala geoekoloji rayonları və bu rayonlar daxilində geoekoloji landşaft zolaqları öz təsvirini tapıb. Geoekoloji tarazlığın bərpası məqsədi ilə həmin landşaft zolaqlarında görüləcək təxirə salınmaz tədbirlər haqqında müvafiq tövsiyələr hazırlanıb. Abşeron yarımadası, Qazax-Gəncə, Balakən-Zaqatala, Şamaxı-İsmayıllı və Astara-Lənkəran zonalarında torpaqda radon qazının (Rn) (alfa-aktiv qazlar), Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərlərində zirzəmilərdə alfa-aktiv qazların konsentrasiyası ölçülüb və xəritələnib. Əsas mineral-xammal növləri üzrə ehtiyatlar və resurslar, onların əmələgəlmə şəraiti, fiziki-kimyəvi, mineraloji-geokimyəvi xüsusiyyətləri, tətbiq sahələri haqında yetərincə məlumat toplanıb. Ərtəpə təzahüründə intişar tapmış filizlərin maddi tərkibi tədqiq edilib.
Böyük Qafqazın cənub-şərq hissəsində ümumi axtarışla və geofiziki üsulların müşayiəti ilə 530 kvadratkilometr sahədə geoloji planalma işləri aparılıb, sahənin geoloji quruluşu, geodinamik inkişafı, geoloji şəraiti öyrənilib, müxtəlif faydalı qazıntılara perspektivliyi qiymətləndirilib, müasir tələbata cavab verən geoloji, faydalı qazıntıların yerləşmə qanunauyğunluqları, proqnoz və digər xəritələr tərtib edilib.
Zaqatala rayonunda 175 kvadratkilometr sahədə iki mərhələdə aparılan axtarış işləri nəticəsində iki perspektivli Şambul gilcə və Paşan qum-çınqıl qarışığı sahələri ayrılıb, hər iki sahədə axtarış-qiymətləndirmə işləri aparılıb və xammal ehtiyatları hesablanıb. Şorməkan gilcə sahəsi üzrə xammal ehtiyatı C2 kateqoriyası üzrə 4416 min kubmetr həcmində hesablanıb.
Bərdə rayonu ərazisində ayrılmış 120 kvadratkilometr sahə hüdudları daxilində aparılmış geoloji axtarış işləri nəticəsində gilcə və gil xammalına perspektivli sahələr müəyyən edilib. Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb və aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılaraq xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min kubmetr həcmində hesablanıb. Eyni zamanda, Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılıb. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kiloqram əqiq, 5502 kiloqram xalsedon üçün proqnoz resurslar hazırlanıb. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 milyon 600 min kubmetr ehtiyatı hesablanıb.
Hidrogeoloji təftiş, sınaq və qiymətləndirmə işlərinin aparıldığı sahələr Kür çökəkliyinin tərkibinə daxil olan Kürdəmir neftli-qazlı vilayətinin Muradxanlı, Carlı və Sorsor sahələrində aparılmış tədqiqatlar zamanı sulu horizontlardan gündəlik sərfləri 245-2100 kubmetr/gün, quyu ağzında temperaturları 38-91º C, minerallaşma dərəcələri 14,8-41,0 qram/litr olan sular alınıb.
AzVision.az