Azərbaycanlı xanım idmançı 19 ildir gəzə bilmir - FOTOLAR, VİDEO

Azərbaycanlı xanım idmançı 19 ildir gəzə bilmir - FOTOLAR, VİDEO
  14 Fevral 2018    Oxunub:11738
Hər kəsin reallaşdırmağa çalışdığı bir arzusu olur. Bəzən gözləmədiyimiz anda üzləşdiyimiz ani faciələr bir ömür boyu arzularımızı puç edir, xəyallarımız alt-üst olur. Müsahibimiz Bahar Şıxıyeva kimi... 19 il əvvəl tələbə olan Bahar həyatının ən unudulmaz hadisəsi ilə Nəsrəddin Tusi adına Pedaqoji Universitetdə qarşılaşıb.
O,1999-cu ilin yanvarında universitetin pilləkənlərindan yıxılıb. Başından aldığı zərbənin yaratdığı fəsadlar Baharın həyatında silinməz izlər qoyub. Keçirdiyi əməliyyatlara baxmayaraq, Bahar ayağa qalxa bilməyib.

“Nəsrəddin Tusi adına Pedaqoji Universitetin filologiya fakültəsində oxuyurdum. Həmin gün qar yağmışdı, dərsə gedərkən ayağım sürüşdü, yerə yıxıldım. O gündən indiyədək I qrup əliləm. 3 il yataq xəstəsi oldum. Həkimlər deyirdi ki, yaşayacaq, amma gəzə bilməyəcək, yataq xəstəsi olacaq. Bir müddət sonra atam rəhmətə getdi, sonra anamı itirdim. Bu hadisələr baş verəndə 23 yaşım var idi”.



Əvvəl sağlamlığını, sonra valideynlərini itirən Bahar həyatın ona vurduğu zərbənin acısını tək qalandan sonra daha dərindən hiss etməyə başlayıb. Özünün dediyi kimi, əliliyi elə bu zamandan başlayıb.

“Həkimin dediklərinə baxmayaraq, mən yataqdan qalxdım. Müalicə üçün xəstəxanaya gedəndə həkim gözlərinə inanmadı. Ayaqlarımı hiss etmirəm, amma gözümlə baxıram, beynimlə ayaqlarımı hərəkət etdirirəm”.



Bahar Şirvan şəhərində Sənaye kollecini mühasibatlıq ixtisası üzrə bitirib. Gənc yaşda üzləşdiyi faciələr səbəbindən bəzən keçmişi xatırlamır. O, vurma cədvəlini belə unutduğunu deyir. Bahar baş verən hadisələri, rəqəmləri asanlıqla unudur. Bu səbəbdən üzərində dəftər gəzdirir və bütün qeydlərini ora yazır.

“Aldığım zərbə nəticəsində çox şeyi xatırlamıram. Oxumağa həvəsim var, bu gün oxuyuram, amma səhər duranda artıq hər şeyi unuduram. Yaddaş dəftərim var, kimə nə verəcəyimi, kimdən nə alacağımı ora qeyd edirəm. O dəftər demək olar ki, mənim beynimdir”.



Baharın həyatında növbəti dəyişiklik baş verib. Bu dəyişiklik nəticəsində o, gələcəyə doğru addımlayır: “2014-cu ildə Ramana 1 saylı Fiziki Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə məktəbi açıldı. Ora dərzilik kursuna getdim. Lakin orada neçə peşə var idisə, hamısına yiyələndim. Hər 2 ildən bir kursa getmək mümkün idi. Sonra xalça toxumağı öyrəndim. Həmçinin "Məzun evi"ndə xalça müəlliməsi kimi işə qəbul olundum. Burada həm evlə təmin etdilər, həm də işçi kimi çalışıram. Birinci buraxılışımız oldu, 18 tələbəmiz xalçaçı kimi tam sərbəst işləyə bilir. İkinci kursu yaxın vaxtlarda açacağıq. Əsas işim xalçaçılıqdır, lakin muncuqlarla da işləyirəm, kuklalar hazırlıyıram. Əlilliyimə heç vaxt heyfslənmirəm. Sağlamlığım əlimdən alındısa, onun əvəzində çox şeylər qazanmışam”.



Əl işlərini müxtəlif sərgilərə təqdim edən Bahar bundan yaxşı qazanc əldə etdiyini söyləyib: “Əl işlərimin qiyməti 2 manatdan 2 min manata qədərdir. 2 min manata portret xalçalardır. Özümlə bərabər sərgilərə “Məzun evi”ndən olan tələbəm Yadigar Məmmədov çıxır. O da mənim kimi həm əlil, həm də “Məzun evi”nin sakinidir”.



Müsahibimiz bu illər ərzində bir çox yerlərdə kirayə qalıb. Onu ən çox üzən insanların əlilliyinə görə ondan üz çevirməsidir:

“Kənardan bizə əlil kimi baxırlar. Lakin onlar bilmir ki, bizim bacardığımızı onlar bacarmırlar. İnsanlıq, dünyagörüşü, qabiliyyət baxımından deyirəm. Bu gün mən kiməsə möhtac deyiləmsə, özüm öz xərclərimi ödəyirəmsə, kimdənsə nəsə ummuramsa, deməli, mən əlil deyiləm. Bundan əvvəl çox yerlərdə kirayədə qalmışam. Amma mənim kimi əllilərə çox vaxt kirayə ev vermirlər”.

Bahar həm də paralimpiyaçıdır. O, Qələbə Ağır İdman Klubunun Paraliftinq üzrə qadınlardan ibarət komandanın rəhbəridir. İndiyədək bir çox yarışlarda yüksək nəticələr əldə edib.

“Belarusiyanın Minsk şəhərində keçirilən paraşütdən tullanma yarışında 3-cü yer tutdum, 4 min metr məsafədən əlimdə Azərbaycan bayrağı ilə tullandım. Bu, mənim üçün fəxrdir. Medallarım, kuboklarım, diplomlarım var. Boulinqdə dəfələrlə birinci yerin sahibi olmuşam, beynəlxalq yarışlarda diplom, kuboklar qazanmışam. Respublika üzrə stolüstü tennisdə, şahmat oyunlarında dəfələrlə ikinci yerin sahibi olmuşam”.



O, valideynlərinin tək övladı olmayıb, bacı və qardaşı var. Təəssüf ki, heç kim onunla maraqlanmır. Yaşadığı çətin günlərə rəğmən Bahar sabaha ümidlə baxır.









Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Paralimpiya   Bahar-Şıxıyeva   Məzun-Eni  





Xəbər lenti