Azadlığı təhqirdə görənlər

  23 Fevral 2018    Oxunub : 1908
Azadlığı təhqirdə görənlər
Ramin Lev

İnsan daima azadlığa doğru hərəkət edir. Dünyaya gələndən dünyasını dəyişənədək. Çünki azadlıq müqəddəs nemətdir. Həmişə sevgi, məhəbbət haqqında deyirlər, lakin azadlıq hissi özü də ülvi bir hisdir. Bu ülviliyin isə, öz sərhədləri, çərçivələri var. Onu aşanda artıq azadlıq ülviliyini itirir və insanı digərlərinin gözündə dəyərdən, hörmətdən salır.
Çünki insanın eqosu azadlıq hislərini çox böyük peşəkarlıqla yönləndirə bilir. Onları daima tarazlamalı, cilovunu əlindən buraxmamalısan. Əks təqdirdə, azadlıq eşqinin nəzarətsiz dalğaları sənə aid gəmini yad, kimsəsiz bir adanın sahillərinə qədər sürükləyə bilər.

Azadlıq insanın beynində ildırım sürətilə bir-birilərini əvəzləyən fikir və düşüncələrdə başlayır. Onlar orada azaddırlar. İstənilən forma və məzmunda, rəng və çalarda, beyin neyronlarında o tərəf-bu tərəfə şütüyə bilərlər. Bu insanın daxili azadlığıdır. İnsan özünü düşünməkdən, fikirləşməkdən məhrum edə bilməz. Lakin özünükontrol qıfılının açarı da elə bu nöqtədə gizlənir. Fikir və düşüncələrini boş buraxdınsa, sonrakı nəticələrə görə üzülmə...

Tənzimlənməyən daxili azadlıq katalizatorlarının insana yapdırdığını, obrazlı desək, bəlkə heç şeytan belə bacarmaz. Həqiqətən, ifrat azad düşüncə və fikirlərdən qaynaqlanan xarici azadlıq barədə düşünmək belə insanda vahimə oyadır. Söhbət xarici azadlığın təzahür forması olan sözlərdən və əməllərdən gedir. Məsələn, başqaları barədə ancaq neqativ fikir və düşüncələrə malik insanın ağzından nə isə yaxşı bir söz duymaq və ya ondan hansısa bir yaxşılıq gözləmək mənasızdır. Əgər həmin şəxs xarici azadlığını qərəzli və nataraz formada ifadə edirsə, deməli artıq onun daxili azadlıq sferası mənfi aura və enerji ilə son dərəcədə yüklüdür. Onunla mübahisə tamamilə mənasızdır. Söz davası sonunda mütləq əlbəyaxa savaşa çevriləcək.

Boş verin, özünüzü xilas edin... İndi ölkəmizin sabit, sanballı insanlara ehtiyacı həmişə olduğundan qat-qat artıqdır. Enerjinizi boşa tükətməyin...

Hər kəs kimi, belə xoşagəlməz təcrübələri mən də yaşamışam. Birini elə bir neçə gün əvvəl, durduq yerdəcə. Sadəcə olaraq, öz Facebook səhifəmdə Azərbaycan rəhbərinə xoş, səmimi münasibətimi şeirlə ifadə etmişdim. Nə edim? Torpağım vətənin sözlü-sazlı guşələrindən götürülüb. Rəhmətlik Səməd Vurğun demiş, “Bizim bu dağların oğluyam mən də. Az-az uydururam yeri gələndə”.

Əlqərəz, 8 fevral 2018-ci il tarixində öz Facebook səhifəmdə hələ 2014-cü ildə Prezidentimizə ithaf etdiyim şeiri paylaşdım. Üstündən 4-5 saat ötməmiş paylaşımımın şərh hissəsinə kontrolsuz fikir və düşüncələrdən doğan “kommentlər” gəlməyə başladı. Daha doğrusu, təhqirlər, böhtanlar və hədyanlar...

Hər kəsin tənqidi fikri ola bilər. Təbii ki, heç kəsi mənə irad tutmaq haqqından da məhrum qoya bilmərəm. Mən nəkarəyəm ki... Tənqid, irad, məzəmmət, qınaq və s. kimi danışıq üslubları onu göstərir ki, qarşıdakı şəxsin daxili azadlığı burulğanlar içərisində boğulmur. Adam rahatdır, fikrindən əmindir və səninlə öz alternativ düşüncəsini bölüşür. Ancaq bu “söyüşçü dəstə” tamam başqa “aləm” idi: havalı, özündən arxayın, sanki kimlərəsə güvənli və ölçülü-biçili, ən əsası, daxili azadlığı darmadağın...

Nə deyəsən belələrinə? Mən xoş bir şeylər söylədim əslində. Amma dinləyən kim? Adamların xaotik fikir və düşüncələrinin öz qulaqlarında yaratdığı gurultular başqalarını dinləməyə qoymaz axı... Yazdım ki, ey vətəndaşlar, bu, mənim seçimimdir. Mənim Prezidentim İlham Əliyevdir! Yeri gəlmişkən, sosial şəbəkələrdəki profillərində bu cümləni əks etdirən gənclər! Səmimi qəlbdən söyləyirəm! Eşq olsun sizlərə!

Dönək mətləbə. Vurğulayaraq yazdım ki, siz kimə istəyirsiniz, seçkilərdə gedib səs verərsiniz. Məni rahat buraxın. Siyasətçi deyiləm, tanınmış ictimai-siyasi xadim deyiləm. Qəlbimdən gələni, azad, sərbəst fikrimi yazmışam. Siz də uzaqbaşı, iradınızı bildirin. Mənə görə nəticə onsuz da dəyişməyəcək. Publikaya işləyirsinizsə, alternativ tənqidi yanaşmanızı ortaya qoyacaqsınız. Ancaq söyüşçülərin və onların havadarlarının beynini qazan “Birdən buna da vəzifə, ad verərlər haa!”- narahatlığı imkan vermədi ki, oturub bir məntiqlə dinləsinlər, düşünsünlər. Yazılarımı birnəfəsə oxuyub üstümə hücum çəkənlər sakitləşdirici sözlərimi görməzliyə vurdular. Mən susduqca da coşdular... Deməli, daxili azadlığı qarmaqarışıq olan insan, nəinki duymaq, hətta görmək belə istəmir...

Şübhəsiz, özündən asılı deyil. Adamın fikirləri o dərəcədə azaddır ki, eqosunun yol verdiyi hər şeyi özünə rəva görür. O, heç zaman öz fikirləri ilə baş-başa qalmayıb, onlarla döyüşməyib. Elə olsa, sadəcə fikir ifadə etdiyinə görə başqasını niyə təhqir etsin ki? Sosial şəbəkələr hər kəsin çıxışı olan bir məkandır axı...

Belə insan yalnız bir halda həqiqəti könüllü qəbul edə bilər: öz fikirləri ilə baş-başa qalıb onlarla döyüşərsə. Başqa formula yoxdur. Düşündüm ki, ona tamamilə etinasız yanaşmaq və onu bu “döyüş”ündən məhrum etmək lazımdır. Mənə, başqalarına, geniş ictimaiyyətə, hətta dövlətə qarşı açdığı “döyüş”dən... O zaman bəlkə bir gün mənim azadlığım başlayan yerdə onun azadlığınnın bitməsi fikrini qəbul edər...

Teqlər: