Azərbaycanın bütün prezident seçkiləri – TƏHLİL

  02 Oktyabr 2013    Oxunub : 8465
Azərbaycanın bütün prezident seçkiləri – TƏHLİL
Şəhərdə “Seçkidə iştirak edəcəksinizmi?” sorğuları, “Sənin səsin həlledicidir!” şüarlı posterlər və seçki nəticələri barədə proqnozlar, müzakirələr... Hər 5 ildən bir prezident seçkiləri ərəfəsində bu mənzərə təkrarlanır. Eləcə də bu il.

Bugünə qədər Azərbaycanda 6 dəfə prezident seçkisi keçirilib. Bunlardan yalnız birində hazırkı müxalifət hakimiyyətdə olub. 1992-ci ilin martında keçirilən seçkilərdə Azərbaycan Xalq cəbhəsininn sədri Əbülfəz Elçibəy seçicilərin 59,4 faizinin səsini toplayaraq, prezident seçilmişdi. Lakin sonradan ölkədə baş verən siyasi gərginlik, 4 iyun qiyamı nəticəsində Əblüfəz Elçibəy Kələkiyə getdi və 1993-cü ildə yenidən prezident seçkiləri keçirildi.

Bu dəfə milli lider Heydər Əliyev prezident seçildi. Seçici fəallığının 97,6% olduğu bu seçkidə Heydər Əliyevə Karrar Əbilov və biznesmen Zakir Tağıyev rəqib olmuşdu.

1993-cü ildən sonra keçirilən seçkilər isə seçki öncəsi yaranan birliklər, mitinqlər və s. ilə yadda qaldı. Müxalifət yenidən hakimiyyətə gəlməyə çalışırdı. Bəziləri bu gün yaranan birliklərin əvvəlki illərdəkinin təkrarı olduğunu desə də, hər halda, zaman, siyasi mühit və cəmiyyət fərqli idi.

1998-ci ilin 11 oktyabrında Azərbaycan 4-cü dəfə öz prezidentini seçirdi. Həmin ərəfədə nə baş verirdi? Hansı birliklər, bloklar yaranmışdı? Mitinqlər bugünkündən nə ilə fərqlənirdi?
Həmin illərdə jurnalist fəaliyyətinə yeni başlayan Ceyhun Musaoğlu deyir ki, 1998-ci il seçkisində Azərbaycan dünyanın diqqət mərkəzində idi. Çünki 1993-cü ildən sonra ilk dəfə seçki keçirilirdi: “Həmin il keçirilən seçkilərdə müxalifət partiyaları seçkini boykot etmişdi. Təkcə Azərbaycan Milli İstiqlal Partiyası Etibar Məmmədovun sədrliyilə seçkidə iştirak etdi. O dövrdə mətbuatda E.Məmmədovun seçikidə iştirakı ilə bağlı əsas iki iddia qeyd olunurdu. Birincisi onun mərhum prezident Heydər Əliyevlə danışığa getməyi idi. Çünki birmənalı olaraq bütün müxalifətin seçkini boykot etməsi hakimiyyətin xeyrinə deyildi. Bu da onunla bağlı idi ki, 1993-cü ildən sonra ilk dəfə seçki keçirilirdi və bütün dünyanın gözü Azərbaycanda idi. İkinci iddia isə o idi ki, Etibar Məmmədov müxalifətin boykot etdiyini görüb onların da elektratının səsini qazanmaq istəyib. Amma nəticə etibarilə təbii ki, o, uduzdu”.

C.Musaoğlu vurğulayır ki, o illərdə Etibar Məmmədovun daha çox tanınması, müxalifətin elektratının böyük qismini öz ətrafında toplaya bilməsi həm də müxalifyönlü qəzetlərin qəzet bazarında üstünlük təşkil etməsi ilə bağlı idi: “O illərdə ən çox oxunanlar “Günadyın”, “Azadlıq”, “Hürriyyət” və “Yeni Müsavat” qəzetləri idi. Bunların da hamısı müxalifyönlü mətbu orqanlar idi. O dövrdə Etibar Məmmədovun qabarması da bununla bağlı idi. Buna baxmayaraq, hər kəsin gözü Heydər Əliyevə dikilmişdi”.

1998-ci il prezident seçkiləri öncəsi müxalifət Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) adlı birlik yaratmışdı. Bu quruma kifayət qədər partiya, eləcə də ayrı-ayrı şəxslər qoşulmuşdu. Razılığa gəlinə bilməyən tək məsələ isə vahid namizəd idi.

Həmin illərdə “Yeni Müsavat” qəzetində çalışmış Səbinə Əvəzqızı bu birliyin yaranması, buradakı narazılıqlar və seçkilərin boykot edilməyindən danışır: “1998-ci ildə siyasi proseslər aktivləşdi, çünki Əbülfəz Elçibəy Bakıya qayıtmışdı. Uğursuz hakimiyyət təcrübəsindən sonra özünə gələ bilməyən müxalifət bu illərdə canlanmışdı. 1998-ci il seçkiləri öncəsi Demokratik Konqress, SİDSUH kimi birliklər yaranmışdı. İlk güclü birlik DemKonqres idi. Həmin qurumun əsas aparıcı qüvvəsi AXCP və Müsavat idi, onun iclaslarının əksəriytyəti İsa Qəmbərin iş otağında olurdu. Eləcə də SİDSUH adlı birlik yaranmışdı. 1998-ci il seçkilərində vahid namizəd ola biləcək şəxslər arasında Əbülfəz Elçibəyin adı hallanırdı. Amma Müsavat Partiyası hesab edirdi ki, onun uğursuz hakimiyyət təcrübəsi var, ona görə də İsa Qəmbər vahid namizəd olmalıdır. AXCP isə əksinə, Əbülfəz Elçibəyi namizəd kimi görmək istəyirdi”.

1998-ci il seçkilərinin boykotunu politoloq Zərdüşt Əlizadə belə şərh edir: “SİDSUH-a qoşulmayan yeganə şəxs Etibar Məmmədov idi. Bu təşkilat isə vahid namizəd məsələsində razılığa gələ bilmədi. İsa Qəmbər Əbülfəz Elçibəyin vahid namizəd olmağına imkan vermədi. İş elə gətirdi ki, SİDSUH-dan 5 nəfər prezidentliyə namizəd oldu: Əbülfəz Elçibəy, İlyas İsmayılov, Lalə Şövkət Hacıyeva, İsa Qəmbər və Rəsul Quliyev. Düzgün taktika seçməməyin nəticəsi olaraq müxalifət seçkidə uduzdu.

Beləliklə, 1998-ci il seçkilərində 6 nəfər prezidentliyə namizəd oldu – YAP sədri Heydər Əliyev, AMİP sədri Etibar Məmmədov, Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov, Azərbaycan Kommunist Partiyasından Firudin Həsənov, Qeyrət Partiyasından Əşrəf Mehdiyev və Azərbaycan Sosial Rifah Partiyasından Xanhüseyn Kazımlı.

Bunlardan Heydər Əliyev 77.6% səs toplayaraq seçkilərdə qalib gəldi. Ümumilikdə isə 3 milyon 358 min 465 nəfər bu seçkidə səs verdi.

2003-cü il. Növbəti 5 il arxada qalmışdı və Azərbaycanda yenidən prezident seçkiləri keçiriləcəkdi. Həmin seçkidə əvvəlcə Heydər Əliyev namizədliyini irəli sürsə də, sonradan namizədliyini o illərdə baş nazir olan İlham Əliyevin xeyrinə geri götürdü.

Bu seçki tarixdə daha yaddaqalan oldu. Həmin illərdə “Hürriyyət” qəzetinin redaktoru olmuş Ceyhun Musaoğlu deyir ki, 2003-cü il seçkisi onun yadında müxalifətin fiaskosu kimi qalıb: “Müxalifət həmişə uduzub, amma 2003-cü il seçkisi biabırçı uduzma idi. Müxalifət qəzetləri yazırdı ki, Heydər Əliyevdən sonra iqtidar komandası dağılacaq. Redaktoru olduğum qəzet müxalifət qəzeti olsa da mən o zamanlar müxalifətin bu tipli açıqlamalrının blef, yalan olduğunu görürdüm və bunu yazırdım. Bu yalanın pik nöqtəsi isə 15 oktyabrda oldu. Seçkidən sonra qəzetlər insanları meydanlara çağırırdı. Bir qəzetin manşetində “Qələbə meydanına”, başqa bir qəzetdə “ Xalça muzeyinin qabağına”, bir başqasında isə “Azadlıq meydanına” yazılmışdı. Bu manşetlərlə etirazçıları parçaladılar. Müxalifət bu cür oyunlar oyanmasaydı, xalqı aldatmasaydı, o zaman narazı təbəqə əsas namizədin yanında olardı. Və biz daha tez barışardıq”.

2003-cü il seçkilərində də müxalifət ortaq fikrə gələ bilməmişdi. Səbinə Əvəzqızı həmin il baş tutan seçkilərdə bunları müşahidə edib: “Hər dəfə tarix təkrarlanır. Seçkiyə 1 il, yaxud 8 ay qalmış təşkilatlar yaradılır, ora adam yığılır, konkret namizədinn adının çəkilməyi vaxtı gələndə dağılır. Bu dəfəki seçkidə də Əli Kərimli AMİP-i dəstkləmişdi. AXCP elektratını AMİP-ə yönəltdi. Buna baxmayaraq seçki İlham Əliyevin qələbəsi ilə bitdi”.

Seçkilərin nəticələri elan olunanda nə baş verdi? Təbii ki, narazı elektorat bununla razılaşamyaraq etiraz etdi. Onların bir qismi isə Müsavat Partiyası qərargahınınn önünə toplaşmışdı. Gözləyirdilər ki, partiya sədri İsa Qəmbər də onlara qoşulacaq. Lakin...
“Müsavatın qərargahı önündə aksiya olanda İsa Qəmbər irəli çıxıb nə qalın, nə də dağılışın demədi. Mən ondan müsahibə alanda da soruşmuşdum ki, İsa bəy, niyə çıxmadınız? Təbii ki, hədəfə dəyən cavablar almadım. Hamı həbs olunmuşdu, amma İsa Qəmbər yox. Soruşdum ki, niyə tutulmadınız? Hər iki suala yayındırıcı cavablar verdi” – Ceyhun Musaoğlu belə deyir.

Politoloq Zərdüşt Əlizadə isə bu fikirdədir ki, həmin il İlyas İsmayılov prezidentliyə vahid namizəd olmalı idi. Çünki o, dövlət işində çalışmışdı və idarəetmədə nisbətən təcrübəli idi: “2003-cü ildə isə müxalifətdə hakimiyyəti idarə edə biləcək iki adam var idi – İlyas İsmayılov və Lalə Şövkət Hacıyeva. Mən o zaman müxalifətə təklif etdim ki, İlyas İsmayılovu namizəd seçsinlər. Onlar razılaşmadı. İsa Qəmbər seçkiyə tək getdi. Əli Kərimli isə Etibar Hüseynova dəstək verdi və təbii ki müxalifət uduzdu”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə isə deyir ki, seçkilərin nəticəsi uğursuzluqla başa çatsa da, cəmiyyətin müxalifətə münasibəti indikindən xeyli fərqli idi: “10-15 il əvvəl mitinqlər seçki prosesindən ən azı 1 il əvvəl başlayırdı və kütləvi olurdu. Müxalifət güclü olduğu üçün nəinki razılaşdırılmış, hətta razılaşdırılmamış aksiyalar da keçirirdi.Təəssüf ki, indi müxalifət icazəli mitinqlər də keçirə bilmir”.

Yekun: Bu dəfə 8 namizədin iştirak etdiyi seçkidə seçicilərin 76.8%-nin səsini toplayan İlham Əliyev qalib gəldi. Onun rəqibləri isə Müsavat Partiyasından İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Partiyasından Lalə Şövkət, Azərbaycan Milli İstiqlal Partiyasından Etibar Məmmədov, Ədalət Partiyasından İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasından Sabir Rüstəmxanlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev idilər.

Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, həmin seçkidə 3 milyon 46 min 401 nəfər iştirak edib.

Növbəti prezident seçkisi 2008-ci ilin oktyabrın 15-də baş tutdu. Bu seçkiyə 7 namizəd qatıldı. Bunlar Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, müstəqil namizəd Qulamhüseyn Əlibəyli, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev idi.
Həmin seçki 1998 və 2003-cü illərdəki seçkilərlə müqayisədə loru dildə desək, qalmaqalsız ötüşdü. Çünki 2003-cü ildə baş verənlərdən sonra artıq narazı elektorata da məlum idi ki, kim qalib gələcək.

Səbinə Əvəzqızı: “Eyni ssenaridir, eyni təşkialtlar yaranır və ya vəlvələdən, ya zəlzələdən sonu eyni olur. 2008-ci il prezident seçkilərinin də sonu məlum idi. Buna bamxayaraq müxalifət yenə seçkini boykot etdi. Bir sözlə indiyə qədər yaranan bütün təşkilatlar və ora üzv olanlar bir-birinin təkrarı idi. Ona görə onların sonu da bir-birinə bənzəyir”.

Ceyhun Musaoğlu da 2008-ci il seçkilərini bir o qədər də maraqlı olmayan seçki kimi qiymətləndirir: “Bu seçki bir o qədər də maraqlı seçki kimi yadda qalmadı. Çünki hamı bilirdi ki, İlham Əliyev seçiləcək. Bu da onunla bağlı idi ki, 5 il idi ki, prezident idi, görəcəyi işləri görmüşdü. Qaçqınlara ev verilmişdi, iş yerləri açılmışdı, maaşlarda artım var idi və s. Prezident oldunsa, işləməyə bilmirsən və növbəti dəfə seçilmək faizi müxalifətin seçilmək ehtimalından 60% çoxdur. Ümumilikdə isə Azərbaycanda ən maraqlı seçki 2003-cü ildə olub”.

Politoloq Arzu Abdullayeva isə bu fikirdədir ki, 2003-cü ildəki məğlubiyyətin yaratdığı apatiya və inamsızlıq 2008-ci il seçkilərinə təsiri göstərmişdi: “Seçki əhval-ruhiyyəsi yox idi. 2003-cü ildə vətəndaş cəmiyyəti də, jurnalsitlər də fəal idi. 2008-ci ildə isə bunların heç biri yox idi”.

Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, 2008-ci ildə səsvermə hüququna malik olan vətəndaşlardan 3 milyon 700 min 634 nəfər seçkidə iştirak etdi. İlham Əliyev seçicilərin 87.34%-nin səsini toplayaraq qalib oldu.

Bu il də Azərbaycanda seçki ilidir. Yenidən “El”, “Milli Şura” kimi birliklər yaranıb və vahid namizəd seçilib. Artıq seçkiqabağı təbliğat-təşviqat kampaniyası da başlayıb. Oktyabrın 9-dan, seçki günündən öncə hansı proqnozlar verilir?

Jurnlist Səbinə Əvəzqızı bu fikirdədir ki, bu il müxalifət cəbhəsində yeganə fərq Rüstəm İbrahimbəyov idi: “O da gəlib çıxa bilmədi. İndi Cəmil Həsənlinin adının üstündə razılaşıblar. Bu addan hərə özünə görə istifadə edir. Cəbhəçilər vurğulayır ki, o, keçmiş cəbhəçi olub. Müsavatçılar isə deyir ki, o, cəbhədən incik düşüb. Bu il də AXCP-Müsavat boykota gedəcəkdi. Amma Cəmil Həsənli ilə seçkidə iştirak edəcəklər, bu isə boykot kimi bir şeydir. Çünki Cəmil Həsənlinin rəqibi çox güclüdür”.

- Bu seçkilərdə də müxalifət seçkiyə hazırlıqlısz gedir. Real qeydiyyat imkanı olan namziədi imza toplanmanın axırına 12 gün qalmış verdilər. Bu, çıxdaş olunmuş müxalifətdir. Müxalifətin demək olar ki, heç bir resursu yoxdur,– Zərdüşt Əlizadə belə deyir.

Politoloq onu da vurğulayır ki, yaranan təşkilatlar, birliklərdemək olar ki, bir-birinin təkrarıdır: “İctimai Palatada İsa Qəmbərlər Əli Kərimli bir-birini qırdı, sonra Eldar Namazov gəldi ki, Milli Şura yaradaq. Milli Şuranı yaradıb Rüstəm İbrahimbəyovu irəli verdilər. Heablamadılar ki, bu bədbəxtin ikili vətəndaşlığı var”.

Səbinə Əvəqızı və Zərdüşt Əlizadədən fərqli olaraq politoloq Leyla Abdullayeva bu fikirdədir ki, müxalifətin yaratdığı birliklər bu il sona qədər varlıığını salxayacaq: “Cəmil Həsənli hörməti olan bir insandır. Hamımızın sevimlisidir, alimdir. Dünyada elmi dairələrdə onun adı tanınır”.

İstər politoloqlar, istərsə də jurnalistlər ötən dəfəki seçkilərdə baş verənləri təhlil edərək proqnozlar verir. Buna baxmayaraq, oktyabrın 9-u, seçiki günü bitənə qədər səslənən bütün fikirlər sadəcə ehtimal, proqnozdur.

Fatimə Kərimli
AzVision.az


Teqlər: