Narkoloji Mərkəzdəki yanğınla bağlı yeni detallar üzə çıxa bilər

Narkoloji Mərkəzdəki yanğınla bağlı yeni detallar üzə çıxa bilər
  06 Mart 2018    Oxunub:1677
Ötən həftə Bakıda 25 nəfərin öldüyü Narkoloji Mərkəzin qəsdən yandırıldığı məlum olub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.
İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Azərbaycan son illərin ən böyük faciəsinə səbəb olan şəxsi hansı cəzanın gözləməsi və cinayətin detalları maraq kəsb edir.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlum hadisənin hüquqi tərəfini AzVision.az-a şərh edib, cinayətkara veriləcək cəzadan söz açıb.

“Məlum olduğu kimi, həmin şəxs yorğanı yandırıb, onu söndürməyib və qapı açılan kimi oranı tərk edib. Yanğın zamanı mərkəzdə bir çoxları köməksiz, yatmış vəziyyətdə olublar. Onun törətdiyi yanğın nəticəsində dispanserə məxsus olan bütün əmlak yanıb. Şəxsin alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu var. Amma bu əməli etdiyi zaman anlaqlı vəziyyətdə olub. Çünki ailə üzvlərinin acığına bunu etdiyini deyib. Həmçinin yanğını söndürə bilmədiyini görüb və oranı şüurlu şəkildə tərk edib. Onun törətdiyi hadisə nəticəsində xeyli insan yanaraq ölüb. Sözsüz ki, təhqiqat nəticəsində digər detallar ortaya çıxacaq. Həmin şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin olunacaq. Hadisəni törədən zaman anlaqlı olub-olmaması ilə bağlı rəy veriləcək. Şəxsin barəsində istintaq işi aparılacaq. Ola bilər ki, digərləri də burada iştirak edib. Hələki bu məsələ ilə bağlı istintaq gedir. Yeni hallar, epizodlar, şəxslər meydana çıxa bilər. Ortada çoxlu sayda insanın ölməsi faktı var. Sona qədər bu ittihamlar həmin şəxsin üzərində qalacaqsa, gələcəkdə məhkəmə prosesinin gedişində bu ittihamlar təsdiq olunarsa, ona cinayətlərin məcmusu formasında cəza təyin olunacaq. Bütün bunlar təsdiqini taparsa, istisna etmirəm ki, ömürlük azadlıqdan məhrumetmə cəzası veriləcək” -Ə.Nuriyev qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Narkoloji-Mərkəz   Yanğın  





Xəbər lenti