Millət vəkili Avropa Gənclər Parlamentinin üzvləri ilə görüşüb

Millət vəkili Avropa Gənclər Parlamentinin üzvləri ilə görüşüb
  29 Mart 2018    Oxunub:5035
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı “Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Mənim Parlamentim – My Parliament” layihəsinin qonağı olub.
AzVision.az xəbər verir ki, Məlahət İbrahimqızı görüş üçün müraciət edən Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 15 nəfərlik heyəti görüş üçün Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının inzibati binasına dəvət edib.

Dəyirmi masa formatında baş tutan maraqlı və interaktiv görüşdə Məlahət İbrahimqızı bildirib ki, son 15 il ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. O həmçinin ölkəmizdə keçiriləcək prezident seçkiləri, təbliğat təşviqat prosesi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. M.İbrahimqızı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir.

Məlahət İbrahimqızı həmçinin Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilməsi nəzərdə tutulan “Qarabağ Beynəlxalq Forumu” ilə bağlı tövsiyələrini bildirib və təşkilatın gələcək uğurlu fəaliyyəti üçün dəstək verəcəyini qeyd edib.

Qeyd edək ki, “Avropa Gənclər Parlamenti” Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. “Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.

AzVision.az



Teqlər: YAP   Məlahət-İbrahimqızı  





Xəbər lenti