Yandırılmış İsmailiyyə - 100 il əvvəl yazılmış mətn

Yandırılmış İsmailiyyə - 100 il əvvəl yazılmış mətn
  23 Aprel 2018    Oxunub:6622
Sabah ermənilər qondarma “soyqırım”larının növbəti ildönümünü qeyd edəcəklər. Halbuki, əslində bu il azərbaycanlılara qarşı törədilmiş 1918-ci soyqırımının 100 ili tamam olur. Həmin dəhşətli hadisələri sübut edən bir çox faktlar, sənədlər, fotolar var.
Onlardan biri də həmin hadisələri – 1918-ci ilin mart soyqırımını bilavasitə yaşamış Məhəmməd Muradzadə adlı bir Bakı sakininin Osmanlı türkcəsində qələmə aldığı və 1920-ci ildə hökümət mətbəəsində ərəb əlifbası ilə çap etdirdiyi “Yandırılmış İsmailiyyə” adlı xatirədir. Yazının üslubunu saxlamaq şərtilə müasir Azərbaycan dilinə tarixçi Yeganə Kamal Cabbarlı uyğunlaşdırıb.

Məhəmməd Muradzadə

Yandırılmış İsmailiyyə


...Üç gün davam edən faciəli müharibə artıq bitmişdi. Martın iyirmi ikisi idi. O dərd gətirən faciənin məzlumu, fağır atamı dəfn etmək istəyirdim. Nikolayev küçəsinə getmişdim.

Üç günlük müharibədə şəhərin necə bir vəziyyətdə olduğunu bilmək istəyirdim. Bu gün bütün şəhər, xüsusilə, Nikolayev küçəsi başqa bir mənzərədə idi. Üç günlük ruhəzici bir əsarətdən bu gün xilas olmuşdu. Bu geniş küçə adamlarla dolu idi. Üç günlük müharibədə pulemyotların tırıltısı və tüfənglərin şaqqıltısı məni elə əsəbləşdirmişdi ki,küçədə gedən arabaların çarxlarının qopardığı səda belə məni yenə qorxu və dəhşətə salırdı. Küçə məni dərin bir xəyala daldırmışdı və mən pərişan halda yavaş-yavaş üzü aşağı enirdim. Bəli, bura islam milli müəssisələrinin mərkəzi olduğu üçün burada müharibə zamanı nə baş verdiyini bilmək istəyirdim.

İsmailiyyə barəsində bir saat əvvəl Çəmbərəkənddə aldığım ürəkyandıran bir xəbəri təhqiq etməyə gedirdim. O gündən başlamış göy üzünü örtən xəfif qara bir duman İsmailiyyənin bir an əvvəl düşmən tərəfindən yandırıldığını bildirirdi. Həmin gün Realnı məktəbin iki qatlı binasının yanında bir yığın adam İsmailiyyənin tamaşasına durmuşdu. Fəqət, belə məhzun bir hala düşmüş bu möhtəşəm bina İsmailiyyə idimi? Hər kəs ona yaxınlaşmağa qorxar, ondan açı təsir alar deyə düşünürdüm.
Bəli, İsmailiyyə yandırılmış, həm də düşmənin acı və kinli intiqamı ilə kül olmaq dərəcəsinədək yandırılmışdı. Onun mahiranə yonulmuş daşları qırmızı alovların təsirindən kirəcə dönmüşdü. Arxada İçərişəhərin əlvan imarətlərini aydınladan günəşin zərrin şöləsi daha bu möhtəşəm binanın hisli divarlarında, uçulmuş tavanın boyalı dəmirində və dairəvi pəncərələrinin ustü və yanındakı ulduzlu hərflərilə açıq qırmızı rəngli daşlarında şölələnməz. Sanki müqəddəratımızı, hürriyyətimizi dananların əlinə verilən bu acı sülh günün günəşi yalnız onu müstəsna olaraq tanımaz. Qeyri-adi bir qüvvə ilə uçulmuş tavanı ikinci qatının döşəməsi ağuşuna almış, ətrafındakı pəncərələrdən bayıra çıxan alovlar onun qırmızı boyalı daşlarını qaraltmışdı. Onun pəncərə cam və çərçivələrindən bir nişanə belə qalmamışdı.

Bəli! Düşmən yalnız türk islam qanıyla intiqamını bitirib belə məhzum bir türk sarayını, o hürriyyət beşiyi müsavat və ittihadı, o istiqlaliyyət beşiyini yandırmaqla hürriyyətini sevən bir millətə əbədi dağ çəkmişdir. Bir saatdan artıq onun önündə durub dərin bir xəyala dalmışdım. Martın on yeddinci gecəsindəki hadisədən dolayı hər kəsin bir xəbər bilmək üçün buraya toplaşdıqları izdihamlı bir mənzərə yenə diqqət çəkirdi. O gün onun təsis salonundakı gurultu və bağırtıları eşidirdim. Fəqət, orada bir neçə natiqin söylədikləri vətətənpərvərlik nitqləri “Ölmək, ölmək, küçə döşəmələri üzərində ölərik amma hürriyyətimizi müdafiə edərik”,- deyib çığıranların davranışlarının nəticələrinin heç də belə ürəkyandıran bir aqibətlə bitəcəyini bilmək olmazdı. İsmailiyyədən bir az aşağı tamamilə yandırılmış bir dükanın önündə üç gün əvvəl yoldaşlarımla olan söhbətimizi düşündüm.

Mən o zaman deyirdim: “Bilirsinizmi, dostlar. Allah göstərməsin, bu müharibə başlayarsa, bizim üçün acı nəticələr verər. Hələlik milli əsgərlər kamil bir surətdə təşkil edilməmiş, lazımi təchizat əldə edilməmişdir. Başıpozuq qövmlərə güvənməməli, bir mauzer, boş fişənglə top və pulemyota cavab vermək olmaz. Məncə bu müharibədə təkcə kasıb füqəralar daha çox zərər çəkəcək”.Onlardan biri isə - xeyr, bizdə pulemyot yoxdursa da bir qurşunla pulemyotçunu öldürüb, pulemyotu alıb da özümüz atarıq. Müsəlmanın müharibədə çox hiylələri olur. Görmədinizmi o sarı paltolu əfəndi İsmailiyyənin salonunda nə söyləyirdi: ”Ölmək, ölmək!”- deyə bağırırdı. Düşmənlərimiz İsmailiyyə qarşısında səcdə etməlidirlər,- söyləyirdi; Belə bir ruh yüksəkliyi ilə heç vaxt məğlub olmarıq.

“Dostum, görərsən söyləmək başqa, əməl başqa; Bu işdə ancaq diplomat olmalı, işi elə bir tərzdə aparmalı ki, bəslədiyimiz o böyük amal bir gün də olsun öz mövqeyini itirməsin. Düşmənlər kiçik bir hadisədən istifadə edərlər; əllərində olan qövmlərlə bizləri dərin bir fəlakətə sövq edərlər”,- deyirdim. Nə isə, elə qəhrəman müdafiəçilər hürriyyətimizi bizə anladan böyük amalımızı bir anatək bəsləyən, bütün islam əhlini ittihada dəvət edən bu məhzum binanı düşmənin sitəmli əlləriylə yandırmağa icazə verdilər.

İndi onun o kinli baxışından doğan zəhərli təəssürat insanı ona tamaşa etməkdən çəkindirirdi. Əzilmiş bir ruh, şikəst bir qəlblə İsmailiyyəyə baxa-baxa küçə aşağı enirdim. Bazar küçəsi və ətrafındakı binalar daha artıq yandırılmış, hər tərəf bir xarabazara dönmüşdü. Belə məşum bir mənzərə məndə İsmailiyyə qədər dərin bir təəssürat buraxmadı. Çünki bunlar xüsusi bir tacir, bir mülkədar üçün təəssüf ediləcək bir hal idi; Fəqət, o gün top mərmilərindən zərər çəkmiş Təzəpir məscidindən və onun mürdəşirxanasında müşahidə etdiyim o məsum, tanınmaz bir hala salınmış islam qadın və uşaq nəşlərinin acı təəssüratı və ürəkdağlayan mənzərə, ümümmillətin mədəniyyət beşiyi və bir anatək onun nazənin ədalarına zəhmət çəkib, layla söyləyən möhtəşəm binanın belə pərişan halı yenə onu, müsibətlərimi xatırladırdı. Zatən mən canilərin o faciə məhəllələrini gözlərimlə görüb gəlmişdim. İndi İsmailiyyənin belə məşum halı qəlb yaralarımın qaysağını yenidən qopardı, ona alovlu, həm də zəhərli bir dağ basdı. İsmailiyyəni oxşaya-oxşaya, onun o məsud günlərini yad etdikcə bədənimdə sanki buzdan bir əl gəzirdi.

Bəli! O qəmli faciədən tam bir il zaman keçdi. Hər şey yenə əski halına döndü. O məhzum bina bir anatək ağuşunda bəslədiyi, əmək verdiyi Azərbaycan yavrusunu öz ayaqlariyla gəzməyi bacaracaq dərəcəsinə gətirdi. Lakin əfsus ki, onun gəncliyini görə bilmədi.

Azərbaycanın yüksəyə qaldırdığı üç rəngli, hilal ilə səkkiz guşəli sancağı onun damındakı dirəklərə nəsib olmadı. Bir il ərzində olan tarixi hadisələrə yalnız onun yanmış vücudu tamaşa elədi. Onu hər kəs unutmuşdu, təkcə şimal ruzigarı hərdən onda şiddətli fəğanlarla guruldayır və damındakı dəmiri şaqqıltlyla ətrafa çırpdıqda küçəylə ötənləri ona sadəcə gözaltı bir nəzər etməyə məcbur edir. Fəqət, indi onunla qonşu parlament binasının damına nəsib olmuş o istiqlal bayrağı ruzigarların təsirindən aldığı avazla onu salamlayıb hərdən: “Ay Ana! Çəkdiyin əməklər hədər olmadı. Sən də arzu etdiyin türkləşmək, müasirləşmək və islamlaşmaq kimi müqəddəs ideyanın nəaliyyəti istiqlaliyyət nuruyla yerinə yetdi...”- kimi sözlərlə sanki dalğalarından çıxan xəfif sədalarla onunla sevişir...

(31 mart 1919-cu il)



Teqlər: İsmailiyyə   Soyqırımı  





Xəbər lenti