Neftin bahalaşması islahatları zəiflətməyəcək – TƏHLİL

Neftin bahalaşması islahatları zəiflətməyəcək – TƏHLİL
  03 May 2018    Oxunub:5563
Ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə görülən işlər davam edir. Məlumdur ki, dünyanın xammal bazarlarında sonuncu qiymət enişləri ilə bağlı yaranan maliyyə və iqtisadi böhranla əlaqədar bu işlər daha da sürətləndirilib.
2016-cı ilin yanvarında neftin bir ara 40 ABŞ dollarından da aşağı düşməsi ölkəyə ciddi çətinlik yaratmışdı. 2016-cı ilin ikinci yarısından etibarən isə neftin qiymətlərində sabitlik yarandı. Və bu, 2017-ci ildə tədricən artımla əvəz olunmağa başladı. Bu gün də tendensiya davam edir. Artıq xeyli müddətdir qiymətlər 70 dolların üstündədir.

Bu, Azərbaycan kimi gəlirləri xam neft satışından asılı olan ölkələr üçün olduqca sevindirici haldır. Lakin iş bundadır ki, indi də başqa əndişə yaranıb. Bəziləri belə iddialar səsləndirirlər ki, sürətləndirilmiş islahatlar yavaşıdılacaq. Bu, nə dərəcədə inandırıcıdır?

Neftin 1 barrelinin qiyməti hazırda 75 dollara yaxındır. Dövlət büdcəmizdə isə bu rəqəm 45 dollar götürülüb. İl başlanandan bəri, artıq gəlir əldə edilir. Odur ki, büdcəyə yenidən baxılacağı gözlənilir. Yəqin ki, xərclər genişləndiriləcək. Bəs bu, qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı yürüdülən siyasətə mənfi təsir edəcəkmi?

Bəri başdan qeyd edim ki, xeyr... Neftin qiymətinin yüksəlməsilə bağlı Azərbaycanda islahatların səngiyəcəyi haqda yaranan əndişələrin heç bir əsası yoxdur. Bunun bir neçə səbəbi var.

Əvvəla, neftin qiymətinin 2014-cü ilədək olan vəziyyətə qayıtması az inandırıcıdır. Bundan əlavə, Azərbaycanda da neft hasilatı səviyyəsi də əvvəlki həddə deyil və olmayacaq da... Ölkəmizdə ən çox neft hasilatı dövrü 2010-cu ilə təsadüf edir ki, bu da ildə 50 milyon ton civarında qeydə alındı.

İkincisi, hökumət özü də gördü ki, nə qədər möhkəm makroiqtisadi dayanıqlıq mövcud olsa da, əgər bu, bilavasitə bu və ya digər xammalın ixracı üzərində köklənibsə, qısa zaman ərzində əldən gedə bilər. Xatırladım ki, 2014-cü ilin yayınadək - neftin qiyməti ucuzlaşmağa başlayana qədər,- ölkəmizin 50 milyard ABŞ dollarından yuxarı valyuta ehtiyatları vardı, manat 1 dollara görə 0,78 qəpik səviyyəsində idi. Neftin qiyməti düşməyə başlayandan cəmi bir neçə ay sonra Mərkəz Bank rəsmi ehtiyatlarını sürətlə itirməyə başladı. Cəmi 1 ilə Mərkəzi Bank 15 milyarddan çox ehtiyatlarından 11 milyard dolları itirdi... Bu vəsait bütövlükdə valyuta bazarının tənzimlənməsi üçün getdi. Hələ digər iqtisadi göstəriciləri demirəm...

Üçüncüsü, islahatlar necə səngidilə bilər ki, hökumət neftin qiyməti hələ düşməmişdən qabaq ölkə iqtisadiyyatındakı birtərəfli inkişafın qarşını tezliklə almaq lazım olduğunu və bu sahədə müvafiq addımların vacibliyini açıq nümayiş etdirirdi. Yəni ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet seçilmişdi. Sadəcə olaraq, sonuncu böhran zamanı başa düşüldü ki, buna bir az tez başlamaq lazım idi.

Dördüncüsü, Azərbaycan sonuncu maliyyə və iqtisadi təlatümlərdən çox vəsait itirdi. Düzdür, makroiqtisadi dayanıqlıq tam olaraq əldən verilmədi. Amma nəzərə almaq lazımdır ki, buna həm də o səbəb oldu ki, xarici mənfi təsir və təzyiqlər səngidi, neftin dünya bazar qiymətləri sabitləşdi. Yoxsa, keçən il itkilərimiz davam edəcəkdi. Sözüm ondadır ki, indi itirilmiş əvvəlki maliyyə nəticələrini bərpa etmək lazımdır, valyuta ehtiyatlarının artırılması qayğısına qalmaq tələb olunur. Eyni zamanda, islahatlar üçün də zəruri olan maliyyə dəstəyi göstərmək lazımdır... Odur ki, necə deyərlər, pul bundan sonra bizə əvvəlkindən daha çox lazımdır.

Sözün qısası, Azərbaycan iqtisadiyyatının gələcəyi qeyri-neft məhsullarının ixracından və bu sahədə ölkənin mövcud potensialından necə istifadə ediləcəyindən asılıdır. Bu tələbin yerinə yetirilməsinə neftin qiymətinin heç 100 dollar olması da maneçilik törədə bilməz.

Yeri gəlmişkən, 2018-ci ilin birinci rübündə Azərbaycan şirkətlərinin 356,4 milyon dollar məbləğində qeyri-neft məhsulları ixrac etdiyi və bunun da ötən ilin analoji dövrüylə müqayisədə 35% çox olduğu bildirilir. 2018-ci ilin ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Cari ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 115 milyon dollar təşkil edib ki, qeyd olunan ayda qeyri-neft sektoruna aid ən çox mal, yəni 32,2 milyon dollarlıq məhsul Türkiyəyə ixrac edilib.

Ümumiyyətlə isə, birinci rüb ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar sırasında elektrik enerjisi birinci (33,9 milyon dollar), qızıl (30,9 milyon dollar) ikinci, polietilen (26,3 milyon dollar) üçüncü yerdə təşkil edib. Elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8%, kimya sənayesi məhsullarının ixracı 29,5%, pambıq ipliyinin ixracı 24,8%, çayın ixracı 12,9%, alüminium və ondan hazırlanan məmulatların ixracı 4% artıb. Hökumətin məqsədi bu rəqəmləri getdikcə, yüksəltməkdir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: İqtisadiyyat   İslahatlar  





Xəbər lenti