İranda kütləvi etirazlar: Ölən, yaralı və həbs edilənlər var

  17 May 2018    Oxunub : 736
İranda kütləvi etirazlar: Ölən, yaralı və həbs edilənlər var
Dünəndən başlayaraq İranın şimalındakı Fars əyalətinin Kazerun şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Əhali İran parlamentinə Kazerun şəhərinin iki yerə bölünməsinə dair qanun layihəsinin təqdim edilməsinə etiraz olaraq küçələrə çıxıb.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, “Mojahedin”in məlumatına görə, aksiyanı dağıtmaq üçün İran polisi və kəşfiyyat qüvvələri gözyaşardıcı qaz və odlu silahdan istifadə ediblər.

Etirazçılarla toqquşma nəticəsində 2 nümayişçi ölüb, 10 nəfər yaralanıb. 30-dan çox etirazçı isə həbs olunub.

Tutulan nümayişçilər əsasən gənclərdir. Onların valideynləri və digər etirazçılar həbs olunanların buraxılmasını tələb edərək Kazerun şəhərindəki polis məntəqəsini yandırıblar. Etirazı yatırmaq üçün bu gün səhər saatlarından qonşu Şiraz vilayətindən əlavə qüvvələr cəlb olunub.

Kazerunun qubernatoru İsmayıl tabadar İranın İSNA dövlət agentliyinə müsahbəsində bildirib ki, aksiyalar hələ davam edir, lakin vəziyyət nəzarətə götürülüb.



Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İran   Etiraz