Mühəndis-İstehkam Qoşunları təlim keçirib
Təlim zamanı əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.
Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.
Sonra 3 təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib:
- 1 nömrəli təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi;
- 2 nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneələğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqlarının praktiki yerinə yetirilməsi;
- 3 nömrəli təlim nöqtəsində isə ponton-körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi.
Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanması, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi, maneələğvetmə qruplarının hərəkəti və tank əleyhinə xəndəklərdən keçilməsi və s. tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Tapşırıqların icrası zamanı bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.
AzVision.az