“İşğal faktı təhlükəsizliyə ciddi təhdiddir” - Məmmədyarov
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı proqramı çərçivəsində uzlaşma, nəqliyyat, enerji və İKT sahələrində əməkdaşlıq məsələlərinə də toxunub. Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin nəqliyyat və uzlaşma sahəsində Aİ ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, həmçinin Cənub Qaz Dəhlizinin açılış mərasiminin keçirildiyini, TANAP layihəsinin artıq başa çatdığını, TAP layihəsi üzrə işlərin isə qrafikə uyğun getdiyini bildirib. Nazir Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Xarici işlər naziri Aİ ilə Azərbaycan arasında vizaların liberallaşdırılması məsələsindən danışaraq tərəflər arasında bu sahədə də əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi real təhlükəsizlik təhdidlərinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirdiyini vurğulayan nazir deyib ki, işğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Ermənistanın xarici işlər naziri sülhdən danışırsa, o zaman Ermənistan təhlükəsizliklə də bağlı öhdəlik daşımalı və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsi kimi real təhdidlər Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir.
Nazir bildirib ki, Azərbaycan Aİ ilə əlaqələrə, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində insanlar arasında təmaslara xüsusi diqqət yetirir. Bu xüsusda o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşviq edilməsinin vacibliyini vurğulayıb, vaxtilə bu kimi uğurlu layihələrin həyata keçirildiyini deyib.
E.Məmmədyarov Azərbaycan ilə Aİ arasında Şərq Tərəfdaşlığı çərçivəsində bundan sonra da əlaqələrin inkişaf edəcəyini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: XİN Məmmədyarov