Karikatura necə yarandı? – Gülüşə fəlsəfi baxış

  26 İyul 2018    Oxunub : 5367
Karikatura necə yarandı? – Gülüşə fəlsəfi baxış
Menna mağarasında 3400 il əvvələ aid olan divar rəsmləri karikaturanın ilkin elementləri hesab edilə bilər. Burada əkinçi insanların əməksevərliyi ilə yanaşı, təbiətin şıltaqlığına lağlağı münasibət göstərən təsvirlər yer alırdılar.
Mürəkkəbin kəşfindən sonra çəkilən əcaib insan təsvirləri də Yaponiyada tənqidin təsviri örnəyi sayıla bilər. Amerika piramidalarında rast gəlinən təsvirlər dövrün eybəcərliklərinə işarə edirdi. Mayya kahinləri hekayələri rəsmlərlə anladırdılar.

Normandların 1066-cı ildə İngiltərəni istilasından sonra toxucu qadınlar onların vəhşiliklərini xalıya həkk edirdilər. O dönəmdə rahiblər də kağızların üzərinə insanları güldürən təsvirlər çəkirdilər.



Kilsənin yenicə hegemonluq qazandığı orta çağın erkən dövrlərində rahiblər maraqlı bir üsula əl atır. Həmin dövrdə oxuma və yazmaq bacarığı olmayan insanları daha tez aldada bildiyini düşünən kilsə rəhbərləri müxtəlif hekayələri hamı üçün anlaşıqlı olsun deyə, təsviri şəklə salır və rəsmlərdəki fraqmentləri moizələrdə ayrıca izah edirdilər.

Lakin Makkloud sayəsində karikatura fəlsəfi tənqid və ironiyadan ayrılmış və ilk dəfə Makkloudun ardıcılı, isveçli Rodolfi Topferi modern karikaturanı yaratmışdı. Artıq rəsmlərin mətnlərlə birlikdə çəkilməsi başlanır. İlkin mətbu məcmuələrinin buraxıldığı ərəfədə Amerikada komikslər meydana çıxmağa başlayırlar. İndiki komikslər cizgi roman xarakteri alaraq, karikatura sənətindən ayrılsalar da, Amerikada ilkin komikslər uşaqlar üçün əyləncə vasitəsi kimi deyil, komplekt satira cizgiləri kimi formalaşmışdı.



Qərbdə təsviri gülüşün tərəqqisilə eyni çağlarda Yaponiyada samuraylar üçün əyləncə vasitəsi olaraq kiçik şəkillər çəkilir və qrupda fərqlənməyi bacarmayan samurayların tənqidi şəkillərdə verilirdi. Proses İkinci Dünya Müharibəsinə qədər davam etmiş və 1945-50-ci illərdən etibarən artıq karikatura tam müstəqil və güclü bir sahəyə çevrilirdi.

Həmin dönəmlərdə çap materiallarında karikatura çəkənlər yazar və şairlərlə əlbir olmağa başlayırlar. Karikaturaçılar mətn yazmaqdan azad olunur və çəkdikləri karkaturalara yazarlar tərəfindən ironik hekayələr yazılmağa başlanır. Yaponların məşhur “Manga” təsviri də həmin dönəmlərdə təşəkkül edərək, 1990-ci illərdən sonra dünyada populyarlıq qazanmışdı.

Soyuq müharibə illərində karikatura ideoloji xarakter almağa başlayır. Karikaturistlər sifarişlə rəsmlər çəkir, onların bəzi həmkarları isə buna qarşı çıxaraq, azadlığı əsas meyar sayırdı. Karikaturanın sifarişlə çəkilməsini bu işə təhqir sayanlar da var idi. Amerika ilə SSRİ arasındakı yumşalmadan sonra, Amerikada Stalinin adını qısaldaraq, “Uncle Joe” (Co Əmi) tipajını yaradırlar. Daha sonra Avropada məşhur olan bu tipaj İngiltərəyə də sıçrayaraq, karikatura dərgilərinin əsas obrazına çevrilir.



İdeoloji karikaturanın ən yaxşı örnəyi hesab olunan “The plumb pudding in danger” karikaturası isə buna qədər İngiltərədə şöhrət qazanmışdı. Ceyms Gillarinin məşhur karikaturasında Napoleonla Uilyam Pitt dünyanı süfrədə çəngəl-bıçaqla bölməyə çalışırdılar. Bu karikaturadakı öldürücü tənqid həmin illərdə bütün dünyada məşhur olmağa başlayır. Napoleonla bağlı ən dəhşətli karikatura isə Londonda gənc karikaturaçı Filips tərəfindən çəkilən “Müasir qəhrəmanın səyahəti” əsəri hesab oluna bilər. Napoleonun Elba adasına sürgün olunmasını göstərən karikaturada eşşəyə tərs oturmuş və qılıncı qırılan bir məğlub görünürdü.

Nasist Almaniyasında isə insan belində və çiynində Hitler obrazları çəkən karikaturistlər peyda olur. Onların kimliyi bilinməz olaraq qalır, uzun axtarışlar heç bir nəticə vermir.

Amerikanın Vyetnamda törətdiyi qətliamlar zamanı müharibə əmri verən hökümətə qarşı çağırışları ehtiva edən əsərlər çəkilməyə başlanır.



Osmanlının güclü vaxtlarında Bolqarıstan və Yunanıstanda türklər əleyhinə karikaturalar çəkilirdi. İlk dövrlərdə çəkilənlər elə səs-küyə səbəb olmasalar da, sonralar karikaturistlərin tənqidi ifrat formaya çatdırması Osmanlı saray əyanlarını narahat etməyə başlayır. Türkiyənin hətta indi də məşhur olan Qaragöz və Hacıvat obrazları da ilk rüşeymlərini Osmanlıya qarşı tənqidin yer aldığı karikaturalardan götürərək, sonralar dəyişməyə məruz qalmışdı. Türklərin “mizahsen” anlayışı buradan formalaşmış və günümüzə qədər davam edən satirik məzmunlu mətnlərə, karikaturalara sıçramışdı.

Bu gün dünya karikaturası tamamilə azad qiyafəyə bürünərək özünü üç formada göstərir:
Media karikaturası - qəzet və dərgilərin daha maraqlı olması üçün düşünülən təsvirlər;
Yaradıcı karikatura - sənətkarların sırf fərdi yanaşmasını ortaya qoyan təsvirlər
İdeoloji karikatura – Siyasi çəkişmələrə işıq tutan karikaturalar.

Karikaturalar yumşaq olmağa cəhd etmir və bütün eybəcərliklərə gülüşü ehtiva edirdi. Hazırda bizdə yumor və satira anlayışları bir-birindən fərqlənsə də, Qərb yumorunu satiradan ayıran tənqidin dərəcəsi yox, kütləviliyidir. Satirik mətnlər və təsvirlər toplumun bütövlükdə kinayə etdiyi nüansların öldürücü ifadəsi idi. Esxil və Aristofanın komediyalarından başlayan gülüş tənqidi, sonralar Şekspir və Servanteslə, 17-ci əsrdə Molyerlə, 19-cu əsrdə Çarlz Dikkens və Çexovla güclənmişdi.



Karikturaların məqsədi sadəcə gülüş deyildi. Əsərlərdən təsirlənən karikaturaçılar sonralar Con Monreala istinad edərək, gülüşü iki qisimə bölürdülər: anlamlı və anlamsız gülüş. Anlamsız gülüş təbii-psixoloji reaksiya sayılırdı. Bu, insanın içindən gələn gülüş idi. Anlamlı gülüş isə insanın dərk edərək, gülmə prosesi idi. İnsan görərək və qavrayaraq güləndə daha rahat hiss edir özünü. Neofreydist psixoloqların da əsərlərində insanın boşuna gülüşü qeyri-şüuri fəaliyyətin nəticəsiz halı sayılırdı.

Rus filosof və karikatüristi Gertsenin “Gülmənin tarixini yazmağın özü çox gülməlidir” sitatı özünün karikaturalarda müxtəlif formalarda əks olunurdu. Gülmək həm də qəzəbin bir refleksiyası hesab olunurdu. Eynilə Ziqmund Freydin insanın ən əzabverici, şəhvani hisslərində də məmnunluqdan yaranan bir təbəssümün olduğunu söyləməsi kimi.



Postmodern filosof Bodriyar gülüşün xoşbəxtliyi təmsil edən bir akt olmadığını hesab edirdi. Ona görə təbəssümün qəhqəhəsi ilə, “cəhənnəmin gülüşü” arasında kəskin fərqlər var idi. Bodriyar gülüşün şeytan ənənəsindən gələn və insan acılarına verilən lənətli bir reaksiya olduğunu söyləyirdi. Maraqlıdır ki, sxolastik fəlsəfənin hökmran olduğu illərdə kilsə də aşırı gülüşü şeytan əməli hesab edirdi. Eyni mövqe ilə asketik sufi və dərvişlərin ordenlərində də rastlaşmaq mümkün idi.

Sanders gülüşü çox maraqlı izah edərək, Misir əfasənələrinə istinadla yazırdı: “Tanrı güldü və dünya yarandı. Daha sonra qəhqəhə çəkdi və dünya işığa qərq oldu. İkinci gülüşündə sular və okeanlar, yeddinci qəhqəhəsində isə ruh yarandı”.

Ekzüperiyə görə isə, real dünya sıxıcıdır və bozluqdan ibarətdir. Gülən insanlar isə dünyanı rəngli göstərən səbəbdirlər.

Tural İsmayılov
AzVision.az üçün

Teqlər: Karikatura