Lütfi Zadəni ulduz edən qadın gözəlliyi olub

Lütfi Zadəni ulduz edən qadın gözəlliyi olub
  04 Fevral 2013    Oxunub:1450
ABŞ-da yaşayan görkəmli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi sən demə, adi bir gözəllik müqayisəsindən formalaşıb.
Bu faktı AzVision.az saytına texnika üzrə fəlsəfə doktoru, dossent Zərifə Cəbrayılova açıqlayıb. O bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasına səbəb insanın keyfiyyətlərinin müqayisəsidir. “Bir gün Lütfi Zadə və dostları yığışırlar, “kimin xanımı daha gözəldir” üzərində müqayisə aparırlar. Bununla gözəllik kriteriyalarını seçirlər və s. Buradan da həmin nəzəriyyənin özəyi formalaşır”.
Qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyələrinin əsasını qoyan Lütfi Zadə gördüklərimizi olduğu kimi təsvir etməyə çalışır: “Hər şeydə dəqiqlik var. Hər şeydə deyirik ki, bu yaxşı, bu pisdir. Bu yaşıldır, bu qaradır. Amma o deyir ki, yaşılın 100 çaları var. Qeyri-səlislik burdadır. Məsələn, o deyir ki, ağdan qaraya elə keçid var ki, siz onu hiss edə bilmərsiniz”.
Zərifə Cəbrayılova bildirib ki, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi real dünyanı olduğu kimi əks etdirməyə imkan verir. Bu da ondan irəli gəlir ki, o dəqiqlikdən çıxır.
“2008-ci ildə Lütfi Zadə Bakıda olarkən onun mühazirəsində iştirak etmək mənə də nəsib oldu. O, nəzəriyyəsini çox sadə dildə bizə anlatdı. Dedi: “Pəncərədən baxın. Hər tərəf yaşıllıqdır. Ağacların hamısı yaşıldır. Amma o yaşılın nə qədər çaları var”. Yəni o başa saldı ki, çoxluğun kəskin sərhəddi yoxdur. Bax, onun nəzəriyyəsinin mahiyyəti bundan ibarətdir” – deyə dosent fikirlərini izah edib.
Ən mühüm məqamlardan biri odur ki, Lütfi Zadənin nəzəriyyəsi sözlər üzərində əməllərə imkan verdi. “Hazırda əməliyyatlar necə gedir? Sırf riyazi - 5+3, 15+18. Amma Lütfi Zadə məntiqi imkan verir ki, əməliyyatlar sözlər üzərindən getsin. Çünki biz həyatda demirik ki, bu beşdir, bu ondur. Biz deyirik ki, bu ondan çoxdur, o bundan azdır. Ya biri digərindən artıqdır. Yəni sözlər üzərində əməllər keçir 0-1 intervalında ifadə olunmuş bir ədədə ki, qeyri-səlis məntiq üsulları da həmin əməllər üzərində əməliyyat aparmağa imkan verir. Məhz Lütfi Zadə nəzəriyyəsi imkan verir ki, həmin sözlər üzərində əməllər qurasan. O obyektləri bir-birinə nəzərən müqayisə edəsən. Yaxud həmin sözlər əsasında obyektin hansısa bir cəhətə malik olmasını təsvir edəsən. Bu da onun qeyri-səlis məntiqinin nüvəsini təşkil edən mənsubiyyət funksiyasını ifadə edir” – deyə Zərifə Cəbrayılova bildirib.
O vurğulayıb ki, Lutfi Zadə 1965-ci ildə ilk dəfə bu nəzəriyyə barədə məqaləsində yazmışdı: “Onu Amerikada başa düşməmişdilər. Bakıda olarkən özü etiraf etmişdi ki, hətta yanımdan ötərkən məni təhqir etməkdən çəkinmirdilər. Amma yaponlar bu ideyanı tez tutdular və onu Yapiniyaya dəvət etdilər. Lutfi Zadə nəzəriyyəsindən yaponlar yaxşı istifadə etdilər. Məhz həmin nəzəriyyəsi Yaponiyaya milyard dollarlar gətirdi. Mutsubishi, Canon, Sony, Toshiba, Nissan, Honda kimi məşhur kampaniyalar onun ideyalarından istifadə etdi. Bu gün artıq təkcə yaponlar yox, dünyanın əksər hissəsi bu nəzəriyyəni qəbul edir və uğurundan istifadə edir”.
Qeyd edək ki, ABŞ-da yaşayan görkəmli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru, qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyələrinin əsasını qoyan Lütfi Zadənin bu gün 92 yaşı tamam olur.
Bu münasibətlə böyük alimimizi təbrik edirik!


Teqlər:  





Xəbər lenti