Yeni alınan təyyarəyə “Günnüt” adı verildi - VİDEO

Yeni alınan təyyarəyə “Günnüt” adı verildi - VİDEO
  19 Sentyabr 2018    Oxunub:1890
Bu gün Azərbaycana gətirilən “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.
Bu barədə məlumatı aviaşirkət yayıb. Yeni təyyarə aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.

“Buta Airways”in yeni təyyarəsi Şərur rayonunun bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə “Günnüt” adlandırılıb.

Qeyd edək ki, dünya təcrübəsində təyyarələrə adətən böyük şəhərlərin və şəxsiyyətlərin adı verilir. İlk dəfə olaraq Azərbaycanda yeni alınan təyyarəyə kənd adı verilib.



Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Hava Limnında yeni təyyarənin qarşılanma mərasimi olub. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun da iştirak etdiyi qarşılama mərasiminin xüsusi qonağı isə işğaldan azad olunan Günnüt kəndinin sakini Nəsib Novruzov olub. Tədbirdə bu münasibətlə hazırlanan qısa videoçarx da təqdim edilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun bu ilin əvvəlində apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Şərur rayonunun 1992-ci ildən işğalda olan Günnüt kəndi ilə bərabər ümumilikdə 11 min hektar ərazi Ermənistanın işğalından azad edilib.

AzVision.az


Teqlər: Təyyarə   Günnüt  





Xəbər lenti