Komitə 2 nəfəri 1000 manat cərimələdi

Komitə 2 nəfəri 1000 manat cərimələdi
  19 Sentyabr 2018    Oxunub:1605
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq sahələrinin təyinatı üzrə istifadəsi, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir.
komitədən AzVision.az-a verilən məlumata görə, aparılan reyd nəticəsində 2 şəxs cərimələnib.

Məlum olub ki, Xaçmaz rayon sakini Tərxan Laçınov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Qusar rayonunda da aşkar edilib. Belə ki, rayonun Küzunqışlaq kənd sakini Qurban Ağabalayev kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir.

Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

ƏMDK gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək.

AzVision.az


Teqlər: Komitə   Torpaq   Cərimə  





Xəbər lenti