Təhsil sistemində daha bir yenilik

Təhsil sistemində daha bir yenilik
  28 Sentyabr 2018    Oxunub:8384
Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına edilən dəyişikliyə əsasən keçiriləcək summativ qiymətləndirmələrin sayı da konkretləşib.
AzVision.az “Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. O bilirib ki, orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmələrin sayı hər yarım ildə 3-dən az olmamalıdır.

Vidadi Bağırovun sözlərinə görə, bu şərt ona görə qoyulub ki, 1 və 2 qiymətləndirmə əldə edilən bilik və bacarıqları müəyyən etməkdə kifayət deyil. Azı 3 kiçik summativ qiymətləndirmə olmalıdır ki, şagirdlərin nəyə qadir olduqları ilə bağlı reallığı tam əks etdirsin.

“Yeni yanaşmada böyük summativ qiymətləndirmələrin sayı azalıb. Belə ki, ümumi təhsil pilləsində hər səviyyənin sonunda bütün fənlərdən böyük summativ qiymətləndirmə nəzərdə tutulub. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda - IV sinifdə, ümumi orta təhsil səviyyəsinin sonunda - IX sinifdə və tam orta təhsil səviyyəsinin sonunda - XI sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcək. Bu da hər təhsil səviyyəsinin sonunda əldə edilən bilik və bacarıqların ölçülməsi məqsədi daşıyır. Digər siniflərdə - V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanları olan fənlərdən böyük summativ qiymətləndirmələr keçiriləcək.

Beləliklə, yeni qiymətləndirmə qaydalarına görə, kiçik summativ qiymətləndirmə dərs vaxtı, bir dərs saatında, böyük summativ qiymətləndirmə isə dərsdənkənar saatda və daha böyük - 90 dəqiqəyə qədər vaxt ərzində həyata keçirilməlidir”.

Vidadi Bağırov qeyd edib ki, yeni qiymətləndirmə, tətbiq edilən təhsil formasından asılı olmayaraq, məktəblərə daha geniş imkanlar verəcək. O cümlədən, beynəlxalq proqramların tətbiq edildiyi ümumtəhsil müəssisələrində qiymətləndirmə həmin təhsil müəssisələrinin spesifikliyinə uyğun həyata keçiriləcək.

“Bu sərbəstlik ona gətirib çıxaracaq ki, summativ qiymətləndirmələr məktəblərdə fərqlənəcək. Sinif komplektləri hər məktəbdə fərqləndiyi üçün yeni qiymətləndirmə hər məktəbdə fərqlənəcək. Bu təhsil müəssisələrində daha bir fərq də ola bilər. Belə ki, lisey və gimnaziyalarda, həmçinin təmayülləşmənin tətbiq edildiyi tam orta təhsil mərhələsi üzrə böyük summativ qiymətləndirmələr, sadəcə buraxılış imtahanına düşən fənlər üzrə deyil, daha çox fəndən keçirilə bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti