Bu sahələrdə kadr çatışmır

Bu sahələrdə kadr çatışmır
  25 Oktyabr 2013    Oxunub:1209
“Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur”.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məlumat verilib.

Strategiyada bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə edib.

Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilir ki, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir:

“Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır.

Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.

Strategiyada vurğulanıb ki, hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir:

“Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir”.


Teqlər:  





Xəbər lenti