Kreditorların hüquqlarının müdafiəsi təkmilləşdirilir - Xüsusi plan

Kreditorların hüquqlarının müdafiəsi təkmilləşdirilir - Xüsusi plan
  09 Oktyabr 2018    Oxunub:1622
"Rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri inkişaf etmiş bank sistemidir. Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi adətən daha yüksək olur. Məhz bu səbəbdən dövlət proqramının əsas istiqamətlərindən biri də bank sektorunun yenidən canlandırılması, maliyyə dayanıqlığının bərpa edilməsidir".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev "Azərbaycan" qəzetində dərc olunan müsahibəsində bank sektorunda maliyyə dayanıqlığının bərpa edilməsi üçün görüləcək işlər barədə danışarkən deyib.

Mərkəzi Bankın sədr müavini bildirib ki, buraya bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi və aktiv pul bazarının formalaşdırılması prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi daxildir.

"Bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlər işə salınacaq. Problemli aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlər yaradılacaq, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətləri hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcək", - A.Quliyev vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bank   Maliyyə  





Xəbər lenti