Deputat Portuqaliyada erməniləri ifşa etdi

Deputat Portuqaliyada erməniləri ifşa etdi
  26 Oktyabr 2013    Oxunub:979
Oktyabrın 25-də Portuqaliyanın Lissabon şəhərində Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib. İclasda komitə üzvlərindən başqa Almaniya, İsveç və Niderlanddan dəvət edilmiş ekspertlər, Portuqaliya parlamentinin üzvləri, hökumətinin yüksək vəzifəli təmsilçiləri də iştirak ediblər.
Toplantıda Azərbaycanı AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov təmsil edib.

AŞPA-nın komitə iclaslarının vaxtaşırı olaraq 47 üzv ölkənin bu qurumla daha fəal və səmərəli əməkdaşlıq edən paytaxtlarında keçirilməsi artıq xoş ənənəyə çevrilib. Portuqaliyada keçirilmiş iclasda ümumavropa əhəmiyyəti daşıyan bir sıra mədəniyyət, elm və təhsil problemləri ətrafında geniş müzakirələr aparılıb.
“Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələrin müzakirələri zamanı R.Hüseynov problemlərlə bağlı Azərbaycanın dövlət və millət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən məqamlarını diqqətə çatdırıb.

Daha müfəssəl diskussiyalar isə “Avropanın təhlükə altında olan mədəni irsi” mövzusu ətrafında olub. Bu problem üzrə Serbiyadan olan məruzəçi xanım Vesna Maryanoviç və Avropa Nostra təşkilatının baş katibi xanım Sneska Quadvileq-Mihayloviçin təqdimatlarından sonra azərbaycanlı deputat çıxış edib.

Rafael Hüseynov Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən təcavüzünün geniş miqyas daşıdığını, yalnız Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmadığını, həm də mənəviyyat sahəsinə ciddi zərbələr vurduğunu bildirərək deyib: “Bu gün Avropa Şurasının Portuqaliyanın paytaxtında, özlüyündə qiymətli mədəni abidə və sənət incisi olan tarixi senat binasında mədəni irslə bağlı müzakirələr aparması çox rəmzidir. Mədəniyyət nümunələrini ayrı-ayrı xalqlar yaradırlar, təbii ki, bu sərvətlər ilk növbədə onların irsidir, lakin böyük ölçüdə bu dəyərlər heç vəchlə yalnız həmin xalqların mülkiyyəti olmaqla məhdudlaşmır, bütün bəşəriyyətin ortaq dəyərləri hesab edilir. Məsələn, mənim ölkəmdə - Azərbaycanda yaşı 6 min ildən artıq olan Azıx mağarası vardır. Bu, Azərbaycan mədəniyyətinin ən qədim izlərini yaşadan nadir bir məkandır. Amma, eyni zamanda, bu mağara mədəni Avropa insanının ilk mədəniyyət beşiklərindəndir. Yəni, Azıx mağarası hər bir azərbaycanlının sərvəti olmaqla bərabər, həm də, eyni zamanda, hər ingilisin, fransızın, almanın, italyanın, portuqalın, başqa sözlə, bütün avropalıların ortaq irsi, dünya mədəniyyətinin ayrılmaz parçasıdır. Ona görə də biz hamımız belə sərvətlərə ortaq münasibət bəsləməli, onlarla müştərək iftixar etdiyimiz kimi, həm də birlikdə qorumalıyıq.

Azərbaycan 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Bu mötəbər qurumda fəaliyyətə başladığımız vaxtlarda mənim hazırladığım ilk sənədlərdən biri elə mədəniyyətlə bağlı olub. Çünki biz mədəniyyət məsələlərinə, mədəni irsin qoruması probleminə yalnız kulturoloji problem kimi deyil, ilk növbədə, insan haqları ilə bilavasitə bağlı olan siyasi məsələ kimi yanaşırıq. On iki il əvvəl tövsiyə üçün qətnamə şəklində hazırladığımız həmin sənəd “Azərbaycanın işğal altındakı ərazilərindəki mədəni sərvətlərinin Ermənistan tərəfindən qəsb edilməsi və dağıdılması” adlanırdı. Məsələ bundadır ki, Azərbaycanın 20 faiz ərazisini zəbt etmiş Ermənistanın təcavüzkar siyasəti çoxistiqamətli fəsadlar doğurub. Bu işğal həm Azərbaycan mədəniyyətinə, həm ölkənin ekologiyasına, həm təhsil sisteminə, həm də demoqrafik inkişafına ciddi zərərlər vurmuşdur və bu proses davam edir. Adını çəkdiyimiz, bütün Avropa mədəniyyətinin beşiklərindən hesab edilən Azıx mağarası Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan və Dağlıq Qarabağdan kənardakı Füzuli rayonu ərazisindədir. Bu misilsiz mədəniyyət incisini erməni vandalları bir müddət silah anbarına çevirmiş, bir ara silahatma təlimləri keçirilən atəşgaha döndərərək saysız zədələrə məruz qoymuş, abidənin müstəsna dəyəri haqqında Azərbaycan tərəfinin qaldırdığı həyəcanlı çağırışlardan sonra oranı özününküləşdirməyə cəhd edib, mağarada xarici arxeoloqları cəlb etməklə tədqiqatlar aparmağa səy göstəriblər. Bütün bunları söyləməkdə məqsədim ondan ibarətdir ki, ümumbəşəri əhəmiyyət daşıyan bu qəbil təhlükə altında olan abidələri mühafizə etmək üçün məruzələr hazırlamaq, bəyanatlar vermək azdır. Bəla ondadır ki, təhlükə altındakı mədəni abidələri qorumaq, xilas etmək üçün UNESCO, Avropa Şurası və bir sıra digər dünya təşkilatları nə qədər çalışsalar da, bu niyyətləri reallaşdırmaq üçün on illərdən bəri konvensiyalar mövcud olsa da, beynəlxalq hüququn tələblərinə, könüllü olaraq imzaladığı ümumavropa qanunlarına riayət etməkdən boyun qaçıran Ermənistan kimi ölkələrin intizamsızlığı və başıpozuqluğu vəziyyətin nizama düşməsində böyük əngəllər yaradır. Nəticədə konvensiyalar da, Avropa Şurasının hazırladığı dəyərli məruzələr də işləməyən kağız parçalarına çevrilir. Bunlar isə həm Avropa Şurasının nüfuzuna xələl gətirir, həm də ciddi Avropa konvensiyalarını hörmətdən salır. Ona görə də biz gerçək səmimiyyətlə Avropadakı təhlükə altında olan mədəni sərvətlərin qorunmasını arzulayırıqsa, konvensiyaların işləməsinə, Ermənistan kimi qanunlara zidd hərəkət xəttini həyat normasına çevirmiş ölkələrə qarşı yetərincə sərt mövqe nümayiş etdirməliyik”.

Problem üzrə əsas məruzəçilərin hər ikisi deputat Rafael Hüseynovun fikirlərinə şərik çıxdıqlarını bildirib, hərbi münaqişə bölgələrində müzakirə edilən məsələnin köklü həlli istiqamətində bu yanaşmanın ən təsirli amillərdən ola biləcəyini təsdiqləyiblər.(Azərtac)


Teqlər:  





Xəbər lenti