Müəllimlikdən imtina etdi, yenidən tələbə oldu - FOTOLAR

  23 Oktyabr 2018    Oxunub : 3991
Müəllimlikdən imtina etdi, yenidən tələbə oldu - FOTOLAR
Bir neçə il əvvələ qədər peşə məktəblərində yalnız aşağı qiymətlərlə oxuyan və məktəbdən çıxarılan şagirdlər təhsil alırdı. Nəticə etibarı ilə peşə məktəbləri barədə insanlarda mənfi fikirlər formalaşırdı. Lakin dünyada peşə məktəblərində təhsilə maraq çoxdur və orada təhsil alanlar digər ali təhsilli şəxslərə nisbətən daha tez iş tapa bilirlər. Burada günün tələblərinə cavab verən və işə götürənlərin marağına səbəb olan ixtisasların olması da vacibdir.
Son illər peşə məktəbləri ilə bağlı aparılan islahatlar nəticəsində cəmiyyətin bu təhsil pilləsinə baxışı dəyişib. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün təşkil olunan seminarda da bunun şahid olduq.



Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edərək peşə təhsili sahəsinə göstərilən dövlət qayğısı, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Amil Əlili "ASAN Peşə" Təhsil Mərkəzinin istifadəyə verilməsinin bu qayğının bariz nümunəsi olduğunu, peşə təhsilinin əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına təkan verdiyini vurğulayıb.

Amil Əlili, həmçinin qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində, o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, “Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.



Hazırda peşə təhsili sahəsində islahatların aparıldığını deyən Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustasının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. 2018-ci ilin sonunadək bütün dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi başa çatdırılacaq.



Direktor əvəzi qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda (Gəncə, Sumqayıt, Bərdə, Qəbələ, Sabirabad, Masallı) yerləşən "ASAN xidmət” mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” mərkəzləri də prosesə cəlb olunub.



Peşə təhsili sahəsində aparılan islahatlar və gələcəkdə görülən işlər barədə jurnalistlərin sualları cavablandırıldıqdan sonra mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olduq. Mərkəzin direktoru İlham Zahidov müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunduğunu, hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbənin təhsil aldığı barədə məlumat verib.



Tədris planına uyğun olaraq şagirdlər hələ nəzəri və təlim məşğələləri keçir. Növbəti ilin aprel ayından etibarən hər bir şagird öz profilinə uyğun müəssisədə praktika keçəcək. Yekunda dövlət imtahanı keçirilir və müvəfəqiyyət əldə edən diplomla təmin olunur. Məktəbdə 16 müəllim, 8 usta olmaqla ümumilikdə 24 nəfərlik pedaqoji heyət var. Müəllimlər Mingəçevir peşə məktəbinin təcrübəli müəllimləridir. Ehtiyac yarandığı halda isə başqa yerlərdən mütəxəssislər cəlb olunur.

Media təmsilçiləri daha sonra “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru”, tikiş avadanlıqları operatoru, tikişçi ixtisası üzrə qruplarda tədris prosesini izləyiblər.



“Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” üzrə təhsil alan Aysu Rüstəmli iddiaları və gələcəklə bağlı planları ilə diqqətimizi çəkdi. Ali təhsil müəssisələrində eyniadlı ixtisasın açılacağı barədə məlumatların olduğunu deyən Aysu qəbul olunacaq tələbələrin gələcəkdə onlardan çox şey öyrənəciyini deyir.

“11-ci sinifi bitirəndə nə edim, hansı ixtisası seçim deyə çox götür-qoy elədim. Nəhayət, “ASAN Peşə” təhsil mərkəzində istədiyim ixtisas üzrə qəbul keçirildiyi barədə eşitdim və sənədlərimi “ASAN Xidmət” vasitəsilə verdim. 150 nəfər içərisindən 19 nəfər qəbul olduq. Ali təhsil müəssisələrində bu ixtisas üzrə gələn ildən qəbul keçirilməsi planlaşdırılır və keçid balı yüksək nəzərdə tutulub. İki ildən sonra bu peşəyə çox yaxşı yiyələnəcəyik. Gələn ildən eyni ixtisas üzrə təhsil alacaq tələbələr isə hələ iki 4 il oxuyacaqlar. Ümid edirəm, gəlib yanımızda praktika keçərlər”.



11 il müəllim işlədikdən sonra işini atıb, peşə öyrənməyə gələn tələbə isə hamımızı təəccübləndirdi. “Elektrik xətlərinin quraşdırılması üzrə mütəxəssis” ixtisası üzrə təhsil alan Xəyyam Əliyevin bu addımı hər kəsin marağına səbəb olur.

“Gəncə Dövlət Universitetini Fizika müəllimliyi ixtisası üzrə bitirmişəm. 2005-ci ildən 11 il ərzində müəllim kimi fəaliyyət göstərmişəm, ancaq sonra texnologiyanın inkişaf etdiyi müasir dövrlə ayaqlaşmaq üçün yeni bir peşəyə yiyələnmək qərarına gəldim. Mingəçevir Sənaye Parkının açılışı olandan sonra işləmək üçün ora müraciət etdim. Gördüm ki, inkişaf, yeni texnologiya dövrüdür və bir yerdə saymaqla mümkün deyil, peşə öyrənmək qərarına gəldim. Əmək bazarında bu ixtisasa çox ehtiyac var. Burada da seçdiyimiz peşəyə yaxşı yiyələnmək üçün lazım olan hər cür şərait yaradılıb”.



Mərkəzlə tanışlıqdan sonra “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olmaq üçün Akkord-Mingəçevir Maşınqayırma Zavoduna yollandıq. Tələbələrlə birgə istehsalat təcrübəsi zamanı iş prosesini yaxından izlədik.



















Aytən Zəhra
Azvision.az

Teqlər: