Əsgərliyə çağırış qaydalarına rəsmən aydınlıq gətirildi

Əsgərliyə çağırış qaydalarına rəsmən aydınlıq gətirildi
  29 Oktyabr 2013    Oxunub:1069
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nazirlər Kabinetinin 2 oktyabr 2013-cü il tarixli qərarı ilə "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə bağlı yaranan bəzi məsələlərə aydınlıq gətirib.

Xidmətdən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabineti "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) Əsasnamədə dəyişikliklər edib.

Qanunun 20.2-ci bəndində göstərilib: "Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir".

Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında, 2.9-cu bəndində göstərilib: "İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır". Belə ki, "3 aydan 12 aya qədər olan müddətə" cümləsi yeni variantda "hər dəfə 1 ildən artıq olmamaq şərti ilə" cümləsi ilə əvəz edilib.

Qanunun 20.3-cü bəndinin tələbinə əsasən, "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər". Yəni Əsasnaməyə edilən dəyişiklik "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilərək, ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyil.

Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"də 2 oktyabr 2013-cü il tarixli dəyişikliklər "hərbi xidmətə müvəqqəti yararsızdır" kateqoriyasına aid edilən şəxslərə şamil edilir.

Əsasnaməyə digər dəyişikliyə görə, çağırış komissiyalarının tərkibinə psixoloqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunun daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır.


Teqlər:





Xəbər lenti