Qan təzyiqi - Murad Köhnəqala yazır

 Qan təzyiqi -  Murad Köhnəqala yazır
  30 Noyabr 2018    Oxunub:3424
Bazar günü idi, şəhərdə gəzişib söhbət elədiyimiz vaxt dostum dedi, başım get-gedə dumanlanır, təzyiqim yenə qalxdı, gedək bu yaxındakı xəstəxanaların birinə. Tez taksiyə oturub, yaxındakı xəstəxanaya gəldik. Qapıda gənc bir oğlan “oxrana” durmuşdu. “Nə lazımdı?” - soruşdu. Dedim, dostumun halı pisləşib, təzyiqini ölçdürməliyik. “Yox-yox” - dedi, “aça bilmərəm, kənar xəstələri içəri qoymurlar”.
Dostum oğlanın cibinə 5 manat basan kimi cəld dəmir qapını açıb, “növbətçi həkim buradadır”,- dedi. Tezcə də arxamızca qapını şaqqıldadıb bağladı.

Handan-hana içəridə bir həkim tapdıq. Dostum üzünü ona tutub zarıdı: “Doxdur, təzyiqim məni pis günə qoyub, zəhmət olmasa, ölçərdiniz”. Həkim oturduğu yerdə eləcə üzümüzə baxıb, dayandı. Onun bu hərəkətini əvvəlcə anlaya bilmədim, təzyiqin təntitdiyi xəstənin halı vecinə də deyildi. Mənə elə gəldi ki, o, üzünü bizdən çevirib, fit çalmaq istəyir. Dostum əlini cibinə salıb, onun qabağına 10 manat qoydu. Həkim puldan enerji alan kimi hərəkətə keçdi, təzyiqölçəni qabından çıxarıb carrıt-currut, onun qoluna taxdı. Fonendoskopu qulağına taxıb, dostumun qoluna taxdığı cihazı fıshafısla dolduraraq, təzyiqini ölçdü. Sonra başını bulayaraq: “təzyiqin çox yuxarıdır, təcili iynə vurmaq lazımdır” - buyurdu. Dostum sevincək: “Çağırın vursunlar” - dedi. Doxdur qayıtdı ki, çağırmaq üçün səsim batıb. İndiyə qədər başına gələnlərdən arifə dönmüş dostum onun qabağına bir dənə də 10-luq qoydu. Yazıq, sanki, sağlamlığını misqal-misqal satın alırdı.

Ürəyimdə fikirləşdim, yaxşı ki, cibində pulu var, mənim kimisinin ümidinə qalsaydı, elə pilləkənlərin üstündəcə keçinərdi.

Hə, həkim otaqdan çıxıb koridora tərəf qışqırdı: “Fira!”

Çox keçməmiş ağ xalatda kök bir qadın peyda oldu. Doktor üzünü ona tutub: “Apar bunu yuxarı palataya, filan qram filan şey vurarsan”,- deyib, bizi tibb bibisi ilə yola saldı. Qırıq pilləkənlərlə yavaş-yavaş yuxarı qalxdıq. Əzrayılın qadın cildinə girmişinə oxşayan tibb bibisi açarı salıb, otaqlardan birini açdı və xəstəmizə “uzan!” dedi. Dostum uzananda az qaldı çarpayının ortası yerə dəysin. “Əzrayıl” məni tərs-tərs süzüb, dostuma “aç görüm, yanını, ancaq yaman yandıran iynədi haa!” - dedi.

Dostumun iniltisi göyə çıxdı. “Qoy, 20 dəqiqə keçsin, görək, təzyiqin enəcəkmi”,- dedi. Sonra da sərt şəkildə əlavə elədi: “Mən getmək istəyirəm!” Dostum şalvarın qabağını çəkməmiş əlini cibinə saldı: “Al, doxdur!” “Əzrayıl” bir ovcundakı 10 manata, bir də dostuma baxıb dedi: “Bu nədi? Sən hələ bu rahat kravatda xeyli uzanacaqsan!” Yazıq inildəyə-inildəyə əlini cibinə salıb 10 manat da əlavə elədi. Bildim ki, dostum möhkəm səhvə yol verib, pullarını həkimə də, tibb bibisinə də göstərib. Bildim ki, pulu qurtarmayınca bunlar xəstədən əl çəkməyəcəklər.

Birdən “Əzrayıl” üzünü mənə tutub: “Davay, sən də çıx, xəstəyə rahatlıq lazımdı!” - dedi. O, falçılar kimi hiss eləmişdi ki, dostum məni yanından buraxmaq istəmir. Yazıq uzandığı yerdən zarıdı: “Doxdur, qoy yanımda qalsın, hörmətini eləyəcəm”. Dişi Əzrayıl mənim qiymətimi qaldırırdı: “Nə danışırsan, yanında adam olmamalıdır, sənə söhbət eləmək olmaz, beyninə qan sızar”.

Dostum böyrü üstə çevrilib “Əzrayıl”a 20 manat uzatdı. “Əzrayıl” balerinalar kimi ayaq barmaqlarının üstündə süzüb, pulu nazla götürdü. Sonra mənə tərəf çönərək: “Baxaa, xəstəynən söhbət eləmək olmaz!” – deyib, dostumun taleyini mənə tapşırdı.

Dişi Əzrayıl çıxan kimi dostum mənə bir diri yüzlük uzadıb dedi: “Get gör, bu pulu harda xırdalada bilirsən, hələ lazım olacaq”. Mən koridorun bir başından o biri başına gedərək açıq palatalardakı xəstələrdən xırda pul soruşurdum. Nahar vaxtı olduğundan, xəstələr öz yataqlarında bardaş qurub yağlı toyuq budunu, nə bilim, hinduşka kababını dişlərinə çəkirdi. Onları yoluxmağa gələnlər isə sallaq çarpayıların üstündə oturub xəstələrin iştahla yeməyinə baxır, onların tezcə sağalmağına ümid bəsləyirdilər. Yüzlüyü görən kimi ağızlarında ət çeynəyə-çeynəyə “muuu, u-u-u” kimi səslər çıxarıb, xırdaları olmadığına işarə eləyirdilər.

Qayıdanda koridorda kimisə axtaran “oxrana” oğlanla qarşılaşdım. İstəyimi göydə tutmuşdu: “Pul xırdalatmaq istəyirsən?” Əlimdəki pulu ona göstərdim. “Səni indi çölə buraxmaq olmaz” - dedi, - “ver, özüm mağazada xırdalayıb gətirim”.

Aşağı düşüb, birinci mərtəbədə onu gözlədim. Bir azdan gəlib çıxdı. “Al say” - dedi. Saydım, 5 manat əskik idi. Mən ağzımı açmaq istəyirdim ki, cavan “oxrana” şirin makler tonu ilə mənə belə dedi: “Bəs, 5 manat da mənim gedib-gəlmək haqqımdı, daa!”

Mən əlimdə bir dəstə pul geri, dostumun yanına qayıtdım. Ancaq axşama qədər bizi hansı aqibətin gözlədiyini fəhm edə bilmirdim.

Murad Köhnəqala
Azvision.az



Teqlər:





Xəbər lenti