Əfsanəvi rejissorun Heydər Əliyevlə bağlı xatirələri

Əfsanəvi rejissorun Heydər Əliyevlə bağlı xatirələri
  11 Dekabr 2018    Oxunub:3272
Sovet televiziyasının əfsanəvi rejissoru Kaleriya Kislovaya SSRİ-nin rəhbərləri Leonid Brejnev, Yuri Andropov, Mixail Qorbaçov, Boris Yeltsin və Heydər Əliyevin fəaliyyətlərini işıqlandırmaq nəsib olub. Lakin məhz Heydər Əliyev Kaleriya Venediktovna üçün xüsusi yeri olan rəhbərə, sonradan isə mehriban dosta çevrilib.
Əfsanəvi rejissor “Moskva-Bakı” portalına müsahibəsində Azərbaycan xalıqının ümummilli lideri ilə bağlı xatirələrini bölüşüb.

Heydər Əliyevlə tanışlıq

- Mən Heydər Əliyev haqqında saatlarla danışa bilərəm. Həyatımda keç vaxt Heydər Əliyev kimi səmimi insan görməmişəm! “Vremya” proqramının baş rejissoru, Dövlət mükafatı laureatı və Leonid İliç Brejnevin şəxsi rejissoru kimi 1978-ci ildə ilk dəfə Bakıya gəldim. Baş katib buraya gələcək və Azərbaycan paytaxtına mükafat təqdim edəcəkdi. Heydər Əliyev özünün bütün televiziya işçilərini adbaad tanıyır, onların hansısının rəsmi tədbirləri işıqlandırdığını bilirdi. Azərbaycan Dövlət Teleradiosunun sədri Elşad Quliyev də orada idi. Heydər Əliyev ondan translyasiyanı kimin aparacağını soruşdu. Bunu mənim edəcəyimi öyrəndikdə o sual verdi: “Bəyəm bizim öz işçilərimiz çatışmır?” Bu, həmin dövrdə yerlərdə alışdığımız reaksiya idi. Quliyev cavab verdi ki, bu, Dövlət Teleradio Komitəsinin sədri Lapinin xahişidir və bundan sonra Heydər Əliyev razı oldu.

Quliyev mənim aparmaq üçün mehmanxanaya gəldi və biz adətən qurultayların keçirildiyi saraya yollandıq. Vaxtından tez gəlmişdik. Mən zala göz gəzdirdim və ilk sırada qara kostyum və ağ köynəkdə bir qarasaçlı kişinin oturduğunu gördüm. Orada yeganə qadın mən idim! Bir neçə dəqiqədən sonra Heydər Əliyev və onu müşayiət edən respublika rəhbərlərindən ibarət qrup zala daxil oldular. O, mənə yaxınlaşaraq soruşdu: “Hə, Kaleriya, gəlin tanış olaq. Mənə hər şeyi – nəyin harada yerləşdiyini göstərə və izah edə bilərsiniz?” Artıq kameralar quraşdırılmışdı və mən onların hamısını göstərdim. Birinci katiblərin hamısı ilə tanış idim və demək olar ki, bütün respublikaları gəzmişdim. Buna qədər və bu hadisədən sonra heç bir rəhbər şəxsin kameraların quraşdırılmasına diqqət yetirdiyinin və çəkilişlərlə bu dərəcədə maraqlandığının şahidi olmadım!

Sonra Leonid İliç xəstələndi və bizi onun sağalmasını gözləmək üçün saxladılar. Üç gün yerinə tam bir ay müddətində Azərbaycanda qalmalı olduq. Həmin ay nağıllardakı kimi idi! Biz çox çalışırdıq, hətta mənə Heydər Əliyevlə respublikanın rayonları üzərində uçmaq imkanı da verildi. Leonid İliç Azərbaycanı çox sevirdi və orada özünü çox sərbəst hiss edirdi. Onunla Heydər Əliyev arasında da qarşılıqlı anlaşma və yaxşı insani münasibətləri vardı.

Zərifə Əliyeva ilə ilk görüş

Növbəti səfərim zamanı Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əziz qızı ilə Qazaxıstanın Alma-Ata şəhərində tanış oldum. Mən oraya vaxtından əvvəl getmişdim və iqamətgahda yerləşdim. Burada Heydər Əliyevlə rastlaşdım, Zərifə xanım da onunla idi. O dedi: “Kaleriya, sizi tanış etmək istəyirəm, bu, məni həyat yoldaşım Zərifə Əziz qızıdır”. Zərifə Əliyeva dedi ki, mənim haqqımda çox eşidib. O, Heydər Əliyevin mənim necə çalışdığım barədə danışdığını da söylədi. Sonra məni qucaqladı.

Heydər Əliyevdən telefon zəngi

1981-ci il mənim üçün çətin keçdi, çünki valideynlərim – əvvəlcə atam, sonra da anam bir-birinin ardınca dünyadan köçdülər. Onlar Novosibirskdə yaşayırdı və mən çoxdan tərk etdiyim, bütün dostlarımı və yaxınlarımı itirdiyim bu şəhərə getdim. Orada anamın dəfn mərasimi idi...Əlbəttə, bütün bunlar mənim üçün çox ağır idi. Elə bu vaxt telefonum zəng çaldı və telefonçu qız bildirdi ki, Bakı ilə - Heydər Əliyevlə danışmalıyam. Telefonun dəstəyini qaldırdım və onun səsini eşitdim: “Kaleriya, zəng etdim ki, sizə dərin hüznlə başsağlığı verim. Söyləyin, sizə necə kömək edə bilərəm? Başa düşürəm ki, siz o şəhərdə yalnızsınız, axı üzərinizə bu qədər çətin yük düşüb. Mən sizə kömək etmək üçün adamlar göndərə bilərəm”. Mən cavab verdim: “Nə danışırsınız, Heydər Əliyeviç! Çox sağ olun”. Bu zəng və başsağlığı mənim üçün çox əlamətdar hadisə oldu, çünki mənim orada olduğumu bilən Moskva rəhbərliyindəki dostluq etdiyim şəxslərdən heç biri zəng edib mənə bu cür sözlər söyləmədi.

Leonid İliç Brejnevin Bakıya səfəri

1982-ci ildə mən Leonid İliç Brejnevlə yenə Bakıya gəldim. Aeroportda çəkiliş aparırdıq, baş katibi qarşıladım və xahiş etdim ki, onlar aeroportda çay içsinlər. Bununla meydana çatmaq üçün onları qabaqlaya bilərdim. Orada Qusmanla razılaşmışdıq ki, Leonid İliç yaxınlaşdığı vaxt ona xəbər verəcəyəm. Bu xəbəri verdim, hamı onu qarşılamağa çıxdı və ətrafda rəqs etməyə başladılar. Berjnev isə maşından çıxdı və tribunanın yuxarısına baxaraq dedi: “Oraya? Yox, mən yorulmuşam”. Ardınca təkrar maşına əyləşdi. Heydər Əliyev də maşına oturmalı oldu. Avtomobil geri döndü və meydandan uzaqlaşdı. Amma biz efirdə idik və mən göstəriş verdim ki, translyasiya davam etsin. İqamətgaha qədər bütün tras üzrə səyyar televiziya stansiyalarım vardı. Qərara gəldik ki, meydanda rəqslər və mahnıların ifası davam etsin... Bütün meydan insanlarla dolmuşdu! Mən maşınların gəldiyi və meydanda insanların rəqs etdiyi kadrları montaj etdim. Elə təəssürat yarandı ki, bütün şəhər bu böyük meydandan ibarətdir. Axşam bunların hamısını “Vremya” proqramında təkrar-təkrar göstərdilər. Leonid İliç bu kadrlara baxdıqdan sonra dedi: “Necə gözəl idi! Mən isə görə bilmədim”.

Moskvaya təyinat

Sonra Heydər Əliyevi siyasi büronun üzvü seçdilər. Andropov onu Moskvaya dəvət etdi və artıq 1982-ci il dekabrın 7-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunan Heydər Əliyev paytaxta gəldi. O, Kremldəki telefonu ilə mənə zəng edərək dedi: ”Bax, indi yeni vəzifədəyəm, məni təbrik edə bilərsən!” Bundan sonra mən onunla ezamiyyətlərə getməyə başladım.

Xalqla ünsiyyət

Bu ezamiyyətlər zamanı məni hər şeydən çox onun maşından çıxaraq insanlarla söhbət etməsi heyrətləndirirdi. Qorbaçov və digərləri bundan sonra maşından çıxmağa başladılar. Bunu ilk dəfə məhz Heydər Əliyev edib. Mən Voloqdada olmuş hadisəni xatırlayıram. O, insanlarla söhbət edirdi. Bu məqamda bir qadın ona yaxınlaşdı. Heydər Əliyev Azərbaycan dilində danışan bu qadından fikirlərini rus dilində çatdırmağı xahiş etdi. Çünki ətrafdakılar onların hansısa gizli məsələni müzakirə etdiyini düşünə bilərdilər. O, qadından haralı olduğunu soruşdu, Voloqdadan olduğu məlum olanda isə rus ərinin onu incitmədiyi ilə maraqlandı və həyat yoldaşına salam söyləməsini xahiş etdi. Hər şey o qədər sadə idi ki....

Heydər Əliyevlə bir masa arxasında

Biz süfrə ətrafına toplaşırdıq və sonra Heydər Əliyev gəlirdi. O, səhər yeməyində qalstuksuz köynəklə və ya idman geyimində olurdu. Gündüz normal nahar edirdik, bəzən şəhərin hər hansı məkanında, bəzən də təntənəli ziyafətlərdə. Axşamlar isə bütün kollektivlə birlikdə səmimi şam yeməyi yeyirdik. Heydər Əliyev hər zaman ünsiyyətə açıq idi. Süfrə arxasında hətta bəzi məsələləri müzakirə edirdik; axşamlar gün ərzində təəssüratımızı, səhər isə gündəlik planlarımızı bölüşürdük.

Yaxın insanlara qayğı

Bir dəfə möhkəm xəstələndim. Heydər Əliyev zəng edərək, evdə olmağımdan təəccübləndiyini bildirdi. Mən dedim ki, xəstəyəm, yüksək hərarətim var. Telefonda eşitdim ki, o, qəbul otağına zəng edərək Kumaçovun yerində olub olması ilə maraqlanır. Kumaçov onun şəxsi həkimi idi. Heydər Əliyev onu təcili yanına çağırdı və bu məqamda hamı təşvişə düşdü. Düşündülər ki, o, həkimi özünü pis hiss etdiyi üçün çağırır. Heydər Əliyev isə telefon dəstəyini Kumaçova verdi və tələb etdi ki, onun məni müalicə etməsi üçün yaşadığım ünvanı söyləyim. Həqiqətən, həkim möcüzə yaratdı və üç gündən sonra mən tamamilə sağlam idim.

İşə çıxdığımda, Nazirlər Sovetinin işlər idarəsindən bir qadın zəng edərək dedi ki, mənə mənzil verilib. Xahiş etdi ki, mənzilə baxmaq üçün ünvanı qeyd edim. Düşündüm ki, yəqin bu bir oyundur, axı mən mənzil almaq üçün ərizə ilə müraciət etməmişdim. Məlum oldu ki, Heydər Əliyev mənim evimdən qayıdan həkimdən soruşub: “Onun mənzil şəraiti necədir?” Həkim isə mənim ümumu sahəsi 38,76 kvadrat metr olan kiçik 3 kiçik qəfəscikdən ibarət mənzildə yaşadığımı söyləyib.

Altaya səfər

Zərifə Əliyevanın özünü pis hiss etdiyi 1985-ci il Heydər Əliyev üçün çox çətin dövr olub. Bizim növbəti səfərimizdən əvvəl mən onunla görmüşdüm: biz iki dəfə - Leninskie Qorıda qadınlar üçün ziyafətdə və Zərifə Əliyevanın 8 Martda məruzə ilə çıxış etdiyi Böyük Teatrdakı tədbirdə rastlaşmışdıq. O, həmin vaxt məni çağıraraq söylədi: ”Bilirəm ki, Altaya uçursunuz, siz də orada Heydər Əliyevin yaşadığı yerdə qalacaqsınız. Diqqət edin ki, soyuqlamasın. O, şərf bağlamağı və papaq qoymağı xoşlamır, amma oralar cənublu insan üçün çox soyuq yerlərdir”. Zərifə xanım Heydər Əliyevin qayğısına məhz bu cür qalırdı.

Əvəzsiz itki

1985-ci il aprelin 15-də mən redaksiyadakı çaparaq iclasa gəldim. Bazar ertəsi idi. Baş redaktorun kabinetinə girməyə macal tapmamış o, mənə TASS-ın məlumatını uzatdı. Məlumatda bildirilirdi ki, Zərifə Əliyeva gecə saatlarında dünyasını dəyişib. Dərhal Heydər Əliyevin köməkçisi Valeri Qridnevə zəng etdim və onunla maraqlandım. Valeri cavab verdi ki, Heydər Əliyev öz iş yerində - kabinetindədir. Maşına oturub, oraya yollandım. Kabinetə daxil olduğumda, qarşımda tamamilə başqa insan gördüm: çəkdiyi ağrı-acı onun üzündən oxunurdu. Təqribən səhər saat 11-in yarısı idi, o, bütün gecəni keçirdiyi xəstəxanadan yenicə gəlmişdi, yorğun və halsız idi. Mən ona yaxınlaşdım və təsəlli verdim, amma bu vəziyyətdə təsəlli sözləri kara gəlmir. Heydər Əliyev hıçqırtı ilə ağladı və mən də ona qoşuldum. Sonra dedi: “Başa düşürsən, mən təkcə həyat yoldaşımı deyil, dostumu da itirdim. O, elə əvəzsiz dost idi ki...” Sonra Novodeviçye qəbiristanlığında Zərifə Əliyevanın dəfn mərasimi oldu. Qohumları və siyasi büronun bütün üzvləri toplaşmışdı. Təkcə Mixail Qorbaçov gəlməmişdi...

Heydər Əliyev və “rəsmi protokol”

1993-cü ilin sentyabrında Yeltsin Böyük Kreml Sarayında nümayəndə heyətini qəbul edirdi. Pəncərələri Moskva çayına baxan bu sarayın təsviri vaxtilə yüzmanatlıq əsginasların üzərində də əks olunub. Qızılı rəngli enli pilləkənlər isə yuxarıda yerləşən Georgi zalına aparır. Bu pilləkənlərlə əvvəlcə bir nümayəndə heyəti, sonra digəri keçməli idi. Dünyanın hər yerindən jurnalistlər pilləkənlərin sağında düzülmüşdü: kimi qeydlər edir, kimi də çəkiliş aparırdı. Mən də operatorumla orada dayanmışdım. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin gəldiyini gördüm. O, əvvəlki kimi təmtəraqdan uzaq, sadə idi. Heydər Əliyev digər nümayəndə heyətlərinin gözlətdiyinin və etiketi pozduğunun fərqinə varmadan jurnalistlərin hamısı ilə salamlaşır və çəkilişlər davam edirdi. Birdən, o mənə tərəf addımlayaraq “Salam, Kaleriya!” dedi və qucaqladı. Nümayəndə heyəti uzaqlaşdıqdan sonra hamı məni əhatəyə aldı və soruşmağa başladılar: “Zəhmət olmasa deyərdiniz, siz kimsiniz?” Mən isə səmimi şəkildə cavab verim ki, sadəcə uzun illər Heydər Əliyevlə birlikdə çalışmış bir insanam.

Oğul həmişə atanın yanında olub

Hələ Əliyevlər ailəsinin Bakıda olduğu o uzaq illərdə İlham MQİMO-nun tələbəsi idi və Moskvada yaşayırdı. Yayın sonunda ölkədə məhsul yığımı idi, mən müxbirlərin göndərdikləri materialları nəzərdən keçirir, uyğun olanları seçirdim. Həmin vaxt “Azərbaycan Kommunist Partiyasının Birinci katibi rayonlara səfər edir” sərlövhəli çəkiliş materialını gördüm. Əvvəlcə, mən süjetə bütün incəlikləri ilə baxmadım, sadəcə kadrları və mətni gözdən keçirdim. Sonra diqqətlə baxdığımda, Heydər Əliyevi müşayiət edən inşaların arasında oğlu İlhamın da olduğunu gördüm. Öncə gözlərimə inanmadım, amma iri plana nəzər yetirdikdə gördüm ki, həqiqətən də belədir. Avqustun sonu və yay tətilinin sonu idi, gənclərin hamısı çimərliklərdə istirahət edirdi...Amma o, kolxoz və əkin sahələrində atasının yanında idi.

Əliyevin komandası

Heydər Əliyevin yüksək insani keyfiyyətlərini göstərən daha bir detala toxunmaq istəyirəm. Onun Moskvadan ayrılmasından uzun illər ötüb. Heydər Əliyevin əbədiyyətə qovuşmasından da xeyli vaxt keçib. Lakin onun komandasından sağ qalan insanlarla biz hələ də görüşürük. Biz hər il mütləq şəkildə 12 dekabr anım günü və onun anadan olduğu günü qeyd edirik. Biz hər zaman təkrar edirik: “Biz, Heydər Əliyev komandasının üzvləriyik”.

Heydər Əliyevi təsadüfən “Azərbaycanın xilaskarı” adlandırmırlar. Onun barəsində məhz bu cür danışırlar. Çünki, həmin vaxt, yetmiş yaşı olmasına və bir neçə infarkt keçirməsinə baxmayaraq, o, özündə güc tapa bildi. Heydər Əliyev öz müdrikliyi və insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində millətlərarası müharibəni dayandırdı və ölkəni düşdüyü ən ağır vəziyyətdən çıxardı. (AzərTAc)

Azvision.az



Teqlər: Ulu-Öndər   Heydər-Əliyev  





Xəbər lenti