Agentliyin verəcəyi kreditin həcmi və faizləri bəlli oldu

  Agentliyin verəcəyi kreditin həcmi və faizləri bəlli oldu
  20 Dekabr 2018    Oxunub:7435
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verəcəyi kreditin həddi müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”nda əksini tapıb. Belə ki, hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 5 000 000 (beş milyon) manatdır. Kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası müəyyən edir. Limit üzrə vəsait istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər. Bundan başqa müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə edilmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə edilməmiş vəsait Müsabiqə Komissiyasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.

Müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər. Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür.

Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Agentliyin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

Kreditlərin və güzəştlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə edilməsi nə gəlincə isə sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti layihə çərçivəsində kredit vəsaitindən istifadə edir. Sahibkarlıq subyektinə verilmiş kredit vəsaiti yalnız tam həcmdə geri qaytarıldıqdan sonra ona Agentliyin vəsaiti hesabına yenidən kredit ayrıla bilər.

Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:

5 000 manatadək - mikrokreditlər;
5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;
1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.

Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir :

mikrokreditlər üçün - 2 ilədək;

kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;

irihəcmli kreditlər üçün - 5 ilədək.

Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:

mikrokreditlər üçün - 12 ayadək;

kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;

irihəcmli kreditlər üçün - 24 ayadək.

Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir. Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.

Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti