Naxçıvanda yeni məscid inşa olunur
Məlumat verilib ki, məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Hazırda məscid binasının fasadında və daxilində işlər milli naqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.
Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq.
Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətinə diqqətin artırılması, yerli iqlim xüsusiyyətlərinin nəzərə alınması, məscidin fasadına və daxilinə İslam dəyərlərinə və milli memarlıq üslubuna uyğun tərtibat verilməsi barədə tapşırıqlar verib.
Azvision.az