Cenevrədə Beynəlxalq Novruz Günü qeyd edilib
Qeyd edilib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT-nin Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart- Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur və Cenevrədəki tədbir məhz həmin qətnaməyə uyğun təşkil edilib.
On bir daimi nümayəndəlik adından İranın daimi nümayəndəsi səfir Esmail Bağai-Hamane çıxış edərək, Novruz bayramının tarixi və əhəmiyyəti haqqında məlumat vermiş, onun müasir dövrü üçün önəmli həmrəylik mənasını vurğulayıb.
Təşkilatçı ölkələr tərəfindən hazırlanmış onların tarixi, mədəniyyəti və incəsənətinə dair foto və videomateriallar tədbir iştirakçılarına təqdim edilib, milli mətbəx nümunələrindən ibarət xüsusi guşələr təşkil olunub.
Mərasimdə Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT təşkilatlarının əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və tədbiri təşkil edən ölkələrin Cenevrədəki diaspor nümayəndələri iştirak ediblər. Ümumilikdə tədbirə 800-ə yaxın qonaq qatılıb.
Azvision.az