UNESCO-nun Baş qərargahında Novruz bayramı qeyd olunub

  25 Mart 2019    Oxunub : 991
UNESCO-nun Baş qərargahında Novruz bayramı qeyd olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Yunesko yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramının UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə UNESCO-nun Baş gərargahında təntənəli tədbir keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Yunesko yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının birlik, mehribanlıq və mərhəmət kimi dəyərləri özündə ehtiva etməsi haqqında danışıb. Səfir, UNESCO-nun yaxınlaşma, dialoq və qarşılıqlı anlaşma kimi missiyasına uyğun olduğu üçün Novruzu UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunması və 2009-cu ildən həmin siyahıya daxil edilməsi haqqında məlumat verib.

Eyni zamanda Novruz bayramında muğam konsertinin təşkil edilməsinin də təsadüf olmadığını vurğulamış və muğamın da UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilməsi bildirib. Daha sonra, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Novruz bayramının baharın gəlməsinin müjdəçisi olmaqla yanaşı, eyni zamanda sülh, dostluq və əmin-amanlığı təbliğ etdiyini vurğulayıb. Nazir müavini Novruz bayramının tarixindən, ölkəmizdə keçirilməsi ənənələri barədə çıxış edərək, muğam musiqisinin fəlsəfəsindən, tarixindən, insanlara bəxş etdiyi hisslərdən və onun dərin köklərə malik olmasından danışıb.

Sevda Məmmədəliyeva konsertdə Azərbaycanın görkəmli muğam ustası, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov tərəfindən dünya şöhrətli, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəllərindən muğam ifa olunacağını qeyd edib.

Çıxış zamanı nazir müavini UNЕSCО-nun görkəmli şəxsiyyətlərinin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin vəfatının 500-cü ildönümü və İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün UNESCO-nun Baş gərargahında qeyd olunması haqqında da qısa məlumat verib. Sonda Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (dəf) və Mirsəid Xavərin (kamança) müşayiəti ilə Azərbaycan Xalq artisti Alim Qasımovun ifasında dünya şöhrətli Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam parçaları səsləndirilmiş və böyük ekranda Azərbaycanın qədim, zəngin və rəngarəng miniatür sənət nümunələri nümayiş edilmişdir. Muğam ustadı Alim Qasımov həmişə olduğu kimi dinləyicilərin qəlbini fəth edib və ecazkar ifası ilə musiqisevənlərin ruhunu oxşayıb.

Azvision.az

Teqlər: