Azərbaycanda əcnəbilər tərəfindən 330 cinayət törədilib

  Azərbaycanda əcnəbilər tərəfindən 330 cinayət törədilib
  28 Mart 2019    Oxunub:1824
2018-ci il ərzində ölkədə 26381 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 0,4 faiz artaraq 265 olub.
“Onların 59,6 faizi az ağır, 29,3 faizi böyük ictimai təhlükə törətməyən, 11,1 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Cinayətlərin strukturunda 4821 hadisə şəxsiyyət əleyhinə, 12876 hadisə iqtisadi sahədə törədilən, 7029 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1649 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 356 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 6-sı isə digər cinayətlərdir”.

Məlumata əsasən, qeydə alınmış həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 2710-u qəsdən sağlamlığa yüngül zərər vurma, 640-ı qəsdən sağlamlığa az ağır zərər vurma, 326-sı qəsdən sağlamlığa ağır zərər vurma, 262-si qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 36-sı ehtiyatsızlıqdan adam öldürmə, 14-ü əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

Qeyd edilib ki, ötən il ərzində əcnəbilər (onlardan 19,1 faizi MDB-yə üzv olan ölkələrin vətəndaşları olmaqla) tərəfindən və ya onların iştirakı ilə 330 cinayət hadisəsi törədilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti