Sumqayıtdakı partlayışla bağlı cinayət işi başlanıb

  Sumqayıtdakı partlayışla bağlı cinayət işi başlanıb
  28 Mart 2019    Oxunub:2684
Martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən "STP-3 Metaləritmə" zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sumqayıt şəhər prokurorluğundan Azvision.az -a verilən məlumata görə, ilkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub. Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən martın 27-də vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Partlayış   Sumqayıt  





Xəbər lenti