“Diqlas”dakı yanğınla əlaqədar cinayət işi açıldı - RƏSMİ

  “Diqlas”dakı yanğınla əlaqədar cinayət işi açıldı -  RƏSMİ
  28 Mart 2019    Oxunub:2804
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.


Azvision.az


Teqlər: Diglas   Baş-Prokurorluq  





Xəbər lenti