“Ekologiya” postunda reyd keçirilib

“Ekologiya” postunda reyd keçirilib
  29 Mart 2019    Oxunub:1861
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Yol Patrul Xidməti Alayının ekoloji nəzarət bölüyünün ərazisində (“Ekologiya” postunda) reyd keçirilib.
Azvision.az xəbər verir ki, reyd zamanı zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələri saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada protokol tərtib olunub, onlarla sürücüyə isə xəbərdarlıq edilib. Bu problem qısa müddətdə aradan qaldırılmasa barələrində cərimə tətbiq olunacağı vurğulanıb.

Aprelin 28-dək davam edəcək aylıq təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir. Aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zəruri tədbirlərdən biridir.

Son dövrlər zəhərli qazların miqdarının normadan artıq olan avtomobillərin sayı azalıb. Bu da yol polisinin həyata keçirdiyi tədbirlərlə əlaqədardır.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin diqqətinə bir daha çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti