Konqress və Dövlət Departamentində Qarabağ müzakirəsi
26-29 mart tarixlərində Konqressdə və Dövlət Departamentində keçirilən görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində rolu, terrorçuluqla mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.
Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilmişdir. Konqres üzvləri ölkəmizdə aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulanıb. Görüşlərdə tərəflər həmçinin regionda gedən proseslər barədə fikir mübadiləsi aparıblar. Azərbaycan millət vəkilləri Azərbaycana olan geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra, Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib. Görüşlər zamanı, Parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Parlamentarilər arasında qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.
29 mart tarixində, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyətinin üsvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və bölgəmizdə baş verən hadisələr barədə məlumat veriblər. Azərbaycanda baş verən silsilə islahatların təfərrüatları barədə fikirləri ilə bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət çıxış edən millət vəkillərinin diqqətə çatdırdığı əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir zamanı qonaqların çoxsaylı suallarını cavablandırıblar. Nümayəndə heyətinin Vaşinqtona səfəri 29 mart tarixində yekunlaşıb.
Azvision.az
Teqlər: ABŞ Qarabağ Azərbaycan