DTX-da soyqırım qurbanlarının xatirəsi anılıb
Çıxışlarda qeyd olunub ki, məhz Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 21 ildir ki, 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir. Vurğulanıb ki, erməni millətçilərinin, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əsrin əvvələrində xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb.
Bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatları tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilmiş, çoxlu sayda insan itkin düşmüş, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb.
Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və silahlı separatçılıq siyasəti möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü diplomatiya və hücum taktikası sayəsində ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Sonda Azərbaycan xalqının və dövlətinin soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduğu, bu qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv münasibətin bildirilməsi, erməni faşizmi və vandalizminin tam çılpaqlığı ilə dünyaya tanıdılması istiqamətində bütün vətənpərvərlərin səylərinin birləşdirilməsi və daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Azvision.az
Teqlər: DTX