Hesablama Palatasının hesabatı qəbul olundu - Yenilənib

  09 Aprel 2019    Oxunub : 2910
Hesablama Palatasının hesabatı qəbul olundu - Yenilənib
Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatı təqdim edən Palata sədri Vüqar Gülməmmədov deyib.

O, bildirib ki, audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib: “Auditlərin 38-i Bakıda, 2-si xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri isə regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərisində büdcə qanunvericilyinin pozulması, mühasibat uçotu və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb”.

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib.

“472,4 min manat qurumların hesablarına və 732,2 min manat isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib. Əvvəlki illərdə aparılan tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib. 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub.

DSMF büdcəsinə bərpa edilən vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilən vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib. Son 5 ildə 69,5 mln manat vəsaitin dövlət büdcəsinə, 2,6 mln. manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub”.

***
Milli Məclisin növbəti plenar iclası başlayıb. Azvision.az xəbər verir ki, iclasda Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb. Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı Milli Məclis tərəfindən qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis