Azərbaycan beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan beynəlxalq sammitdə təmsil olunur
  10 Aprel 2019    Oxunub:1860
Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur.
Azvision.az xəbər verir ki, sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Sözügedən sammit BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

Bu il sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün İnformasiya-Kommunikasiya Texnologiyaları” mövzusunda öz işinə başlayıb və 12 aprel tarixinədək davam edəcək.

Bununla da, artıq illərdir ki, WSIS bütün maraqlı tərəflər üçün “ədalətli və bərabərhüquqlu informasiya cəmiyyəti” platformasını təşkil etməkdədir.

Forum çərçivəsində 9-10 aprel tarixlərində yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və çağırışlar müzakirə olunacaq.

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2019 Mükafatları” (WSIS Prizes - 2019) da sahiblərinə təqdim olunacaq. Ölkəmiz müsabiqəyə “Made in Azerbaijan” brendi ilə layihələr təqdim edib.

Azvision.az


Teqlər: Sammit  





Xəbər lenti