“Xahiş etdim ki, atamın videosunu gətirsinlər” - Dilqəm Əsgərovun oğlu

   “Xahiş etdim ki, atamın videosunu gətirsinlər” -    Dilqəm Əsgərovun oğlu
  10 Aprel 2019    Oxunub:2821
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdim ki, atamın bir dəqiqəlik də olsa videosunu gətirsinlər”

Bunu Azvision.az -a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, bu yaxınlarda BQXK əməkdaşları azərbaycanlı girovlara baş çəkiblər. Lakin Dilqəm Əsgərovla bağlı ailəsinə şifahi məlumat verilib,
“Həmişə olduğu kimi şifahi məlumatla kifayətləndilər. Mən də onlardan xahiş etdim ki, heç olmasa bir kağız parçası məktub və ya bir dəqiqəlik video gətirsinlər. Nümayəndələr dedilər ki, növbəti səfərdə bu xahişimi nəzərə alacaqlar”.



Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Girov   Dilqəm-Əsgərov   Kəlbəcər  





Xəbər lenti