SSRİ-nin oğru dünyası: “Qaz” qruplaşması – RETROKRİMİNAL

      SSRİ-nin oğru dünyası:    “Qaz” qruplaşması –    RETROKRİMİNAL
  16 Aprel 2019    Oxunub:9927
“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onları üzə çıxarıb, güllələyirlər”.
E. Hemenquey

Kriminal pulların tüğyan etdiyi durğunluq dövründə bütün SSRİ məkanında cavan, daha qətiyyətli oğru nəsli meydana çıxdı. Bu nəsllin “qanuni oğruları” reketlə yanaşı, sifarişli qətlləri də adi bir şey sayırdılar. Monqol, Qorbatıy, Paşa Tsirul, Savoska, Rafik Svo və sair kimi oğruların birləşdiyi bu yeni nəsil köhnə oğru qanunlarının böyük bir qisminə sahib çıxdılar. Lakin dövrün tələblərinə uyğun dəyişikliklər də edildi.
Pula olan münasibət büsbütün dəyişdi. Artıq pula əl çirki kimi deyil, bütün qapıların açarı kimi baxıldı. Hər şeyin alınıb-satıldığı dövrdə pul qüvvəyə mindi. Ən əsası isə 30-50-ci illərdə “qanuni oğru” adına sırf oğrular layiq görülürdüsə, yeni nəsil (1970–1990–cı illərdə) artıq demək olar ki, əsasən reket və quldurluqla məşğul olanlardan, hətta killerlərdən ibarət idi.

Qorkidəki «QAZ» qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəkindən çox ciddi fərqlənirdi. «QAZ» bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin axırlarında – «Volqa M-21»in dəbdə olduğu vaxtda yaranmışdı. O vaxt «zapçast» alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan zeklərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 50-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.

Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, «QAZ» qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb, qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.

Qroznıdakı uşaq koloniyasından sonra daha iki srok almış İqor Boqdanovu (“İqor vosmoyski”) səksəninci illərin sonlarında Qorki küləkli, qarlı hava ilə qarşıladı. Noyabrın ortaları idi. Perrondan keçib, özünü birtəhər gözləmə zalına çatdırdı. Cib dəftərindən Oleqin telefon nömrəsini tapıb, zəng vurdu. Dəstəyi qaldıran olmadı.

Hələ axşam saat altı yox idi, ancaq artıq qaş qaralmışdı. Vağzaldakı haray-qışqırıqdan, bir qədər aralıda çəkmələrini çıxarıb, ayaqlarını zənbillərin üstünə qoyaraq yuxulayan üzütüklü kök kişinin xorultusundan iyrəndi elə bil. Bandan (vağzaldan) çıxıb, sıra ilə düzülmüş «şahmat»lardan (taksi) birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.
– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və «Kent» siqaretini çıxarıb birini yandırdı.
– Əgər gürcüsənsə, «İveriya» kafesinə, azərbaycanlısansa, «Bakı» restoranına, ermənisənsə “Axtamar” bistrosuna apara bilərəm. Bəlkə?..
– Yox, düz tapmısan, gedək «Bakı»ya.
– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb, taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.
– Blatnoy oğlana oxşayırsan, nakolkaların da var,- İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki «ürək» və ona batırılmış «ox» tatusuna baxdı. Tatuirovkanın aşağısında «ne zabudu mat rodnuyu» sözləri qaralırdı.
– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.
– Qorki necədir, yaşamaq olur?
– Soyuzda bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır,–sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, tolk yoxdur. Görək bu Qorbaç neyləyir... Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb, təəccüblə soruşdu: – Oturmusan?
– Olub, brat. Oturmuşam.
– Belə nakolka krıtıda srok səriyənlərdə olur, – taksist maraqla müştərisini süzdü, – krıtıda oturmusan?
– O da olub.
– Adamın inanmağı gəlmir. Belə cavan..., ancaq krıtıda bit əzmək? Nə üstündə?
– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən taçkanı.

Hamının “Boq” adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə xlebnik olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı otrisalovka, patsan, stremlyayuşiy kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi... Qroznıya “qrev” gətirən “TT” Nərimanla “Qızıldiş” Mamed onlara patsanların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyələrini vermişdilər.

“QAZ”-ın həyətində qətl

...Manveli («Şaşa», «Moldovan») elə «QAZ»-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər. 9 May – Qələbə bayramı günü olmasına baxmayaraq, zavoda gəlmişdi. Manvel kimə isə üç yeşik «xırda ehtiyat hissələri» hazırlamışdı. Qapının girişindəki bordyurda arxası üstə uzanmışdı. İkicə atəşlə «sovet milyonçusu»nu o dünyaya göndərmişdilər. Güllələrdən biri ürək nahiyəsindən, digəri isə gicgahından vurulmuşdu. Başındakı güllə yarasının ətrafında güclə seziləcək nazik ekssentrik çevrələr qaralırdı. Kontrol atəş yerinə yetirilmişdi. Barmağındakı iri qızıl üzüyə, cibindəki «volodya»larla dolu lopatnikə (yüzlüklərlə dolu pul qabı) toxunmamışdılar. Zavodun girişindəki keşikçi dəstəsi, həyətdə tarakan kimi qaynaşan nəzarətçilər nədənsə atəş səsini eşitməmişdilər.

Qırx səkkiz yaşlı “Moldovan” Qorkinin ən hörmətli adamlarından biri idi. Var-dövləti başından aşıb-daşan bu arıq, sısqa adam ehtiyat hissələri anbarında çalışmaqla yanaşı, ətrafdakı qəsəbələrdə öz sexlərini və şəhərin girişindəki avtomobil təmiri emalatxanasını yaratmışdı.

Üç srok səriyəndən sonra Kiyevdən gəlmişdi “Moldovan”. Qısa boyu, yastı kürəyi, uzun saçları vardı. Həddindən artıq çevik idi. Adama elə gəlirdi ki, həmişə nədənsə narahatdır, kimdənsə ehtiyat edir. Ömrünün iyirmi bir ilini kiçmanlarda, zonda xərcləmişdi və son vaxtlar kim kefini, əhvalını xəbər alırdısa, «Dünyada məndən xoşbəxti yoxdur», – deyirdi.

Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu srokunda yaxşı oturduğuna görə Moskvadakı bratvaları onu şərtlə Qorkidə «QAZ»a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə (vərəmli dustaqlara) qrev verməyi boyun olmuşdu. Şaşanın yazdığı molyavada (indiki dillə desək, sazişdə) 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, qrevin miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı. Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.

Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.

Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Və son altı ay müddətində on dörd il bundan əvvəl - Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş zeçka Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki lagerdə vorovixa oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. Vorovixa uşaqlarının çörəyi yavan deyil, yağpovidlo sürtüb yeməsi xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.

Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq zek şübhə altına düşdüyündən, onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunda Laura Osmanovna dindirirdi.
– Adın?
– İqor...
– Familiyan?
– Boqdanov.
– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.
Laura Osmanovna nəzərlərini qaldırıb, hirsli-hirsli İqora baxdı:
– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver! – hirslə pıçıldadı.
– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, həkim də, sestralar da, hətta anam da səksənib. Lepila (həkim) mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək, qışqırmağa, söyməyə başlamışam.
– Bəs detkolona, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı detkolonuna, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.
– Kafedə birisi “antilopama” (sevgilimə) sataşmışdı, yaşladım – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak keçindi. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.
– Dünən saat on iki ilə üç arasında harada olmusan?
– Dostlarımla «Bakı» restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan devaxalar da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.
– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna «Bakı» restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, –qızların da ünvanlarını, adlarını demək lazım gələcək.
– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.
– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!
– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də zolotaya dukat (yaraşıqlı əyalət qızları). Onu da deməliyəm ki, biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən, əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq, mənimlə salamlaşıb da.
– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb, bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.
– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.
– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib, sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.
– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada. Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu. “İqorda dəmir iradə var” deyənlər yanılmırdılar Qətl və oğurluqda İqor iştirak etməsə də, nakolkanı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin...

...Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində qan su yerinə axırdı. O zaman cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin konkret qırğınlar baş verirdisə də, əsasən "peşka"lar və ya "döyüşçü"lər (18 -27 yaşlı idmançı bədənli cavanlar) qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı.

Bəhram Çələbi
Azvision.az


Teqlər: Oğru-dünyası  





Xəbər lenti