Vilnüs zirvəsi nə göstərdi? - ŞƏRH

Vilnüs zirvəsi nə göstərdi? - ŞƏRH
  30 Noyabr 2013    Oxunub:1188
“Vilnüs sammiti qarşısına qoyduğu hədəflərə tam nail ola bilmədi. Əvvəlcədən nəzərdə tutulduğu kimi postsovet məkaınındakı bir neçə ölkə Avropa Birliyi ilə assosiativ üzvlük telləri ilə bağlanmalı idi, lakin bu baş tutmadı”.
Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitini şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanın sadələşdirilmiş viza ilə bağlı müqavilə imzalaması Avropaya inteqrasiya yolunda mühüm addımdır:

“Assosiativ üzvlük məsələsində yalnız Gürcüstan və Moldova belə fikirdə olduqlarını bəyan etdilər və onlarla gələn ilin oktyabr ayında imzalanacağı gözlənilir. Amma Azərbaycan, Ukrayna və Ermənistan assosiativ üzvlüyə imza atmadılar. Azərbaycan isə sadələşdirilmiş viza müqaviləsinə imza atdı. Bunun özü də mənim zənnimcə, Avropaya inteqrasiya yolunda mühüm addımdır. Çünki bu onu göstərir ki, Azərbaycan Avropa ilə əlaqələrini genişləndirmək fikrindədir. Ukraynanın ümumiyyətlə heç bir sazişə qol atmaması bütövlükdə yaxın qonşuluq siyasətinə dair Avropa siyasətinin iflasa uğramasına səbəb oldu. Ən azından bu ideya bir müddət təxirə salındı”.

Politoloq hesab edir ki, qarşıda Avropanı çətin mərhələ gözləyir. Belə ki, Avropa Birliyi postsovet ölkələrini assosiativ üzvlüyün üstünlüyünə inandırmağa çalışmalı olacaq.

“Qarşıda Avropa Birliyini bu ölkələrlə iş üzrə çətin problemlər gözləyir. Bu yolda Rusiyanın müqaviməti dəf edilməlidir, həmin ölkələr Avropa Birliyi ilə assosiativ üzvlüyün üstünlüyünə inandırılmalıdır və s. bir sözlə, xeyli iş görüləcək”.

Assosiativ sazişin imzalanmamağının Azərbaycana nə verəcəyinə gəlincə isə politoloq bildirib ki, hər dövlət kimi Azərbaycan da öz maraqlarını güdür:

“Azərbaycan öz strateji maraqlarına uyğun addım atır. Azərbaycan Avropa ilə əlaqələrini də genişləndirir, enerji layihələri həyata keçirir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropanın mühüm geostrateji mənbəyi olaraq qalır. Amma ortada Dağlıq qarabağ problemi var, bu problemin həlli Azərbaycan üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Buna görə də Azərbaycan hələ bir müddət Rusiya ilə əməkdaşlıq məsələləri üzrə danışıqlar aparmalıdır, yaxud da ki Rusiya ilə bir yerdə olmağa məhkumdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti