Rezidentura imtahanının II mərhələsi keçirilib

Rezidentura imtahanının II mərhələsi keçirilib
  14 İyul 2019    Oxunub:1897
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi), hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirib.
Azvision.az xəbər verir ki, imtahanlar saat 11:00-da başlanıb. Rezidenturaya qəbul imtahanı 2 saat 30 dəqiqə, digər imtahanlar isə 2 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 15-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan iştirakçılarının müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına iyulun 15-17-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Azvision.az


Teqlər: DİM   İmtahan   Rezidentura  





Xəbər lenti