XDMX-nin yaranmasından 26 il ötür

 XDMX-nin yaranmasından 26 il ötür
  23 Avqust 2019    Oxunub:7791
Bu gün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur.
Azvision.az -ın məlumatına görə, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması ilə başlayan bu yol, əslində milli dövlətçiliyimizin qorunması işinin mühüm töhfələri ilə yadda qalıb.

1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai–siyasi vəziyyətlərdə belə mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması Azərbaycanda bir sıra gərgin vəziyyətlərdən optimal çıxış yollarını sərgiləyib. Məhz o vaxtlar ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir dönəmdə Heydər Əliyevin yenilməz iradəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin işində də özünü göstərib.

Yüksək statusa, peşəkar kadr heyətinə, zəruri maddi-texniki bazaya malik olan Xüsusi Dövlət Mühafizə Xidməti dövlət və milli maraqların qorunmasında baş verə biləcək təxribatın qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX-nin hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə yaralanıb. Yaralanan hərbi qulluqçulardan 15 nəfəri əlil olub.

Xidmətin nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının avqustun 21-də imzaladığı sərəncamlarla Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupu təltif edilib. Həmin sərəncamlara əsasən, bir nəfər general-leytenant, bir nəfər general-mayor ali hərbi rütbələri, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 1 nəfər “Tərəqqi”, 24 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Azvision.az


Teqlər: XDMX   26il  





Xəbər lenti