Komitə sədri Qazaxda vətəndaşları qəbul edib

  16 Sentyabr 2019    Oxunub : 962
Komitə sədri Qazaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 16-da Qazax rayonunda vətəndaşların qəbulunu keçirib.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz rayonlarından olan sakinlər iştirak ediblər. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb. Eyni zamanda, bu rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, müraciətləri qeydə alınıb. Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbul başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat verib. Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.

Azvision.az


Teqlər: HicranHüseynova