Naxçıvan Avropa ölkələrini geridə qoydu - Əhali ilə bağlı statistika

Naxçıvan Avropa ölkələrini geridə qoydu -  Əhali ilə bağlı statistika
  27 Sentyabr 2019    Oxunub:3181
Son 15 ildə bəzi Avropa ölkələri üzrə yeni doğulanlarda gözlənilən ömür uzunluğu orta hesabla 3 yaş artdığı halda, Naxçıvan Muxtar Respublikasında bu göstərici 6,3 yaş olub.

Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, muxtar respublikada insanların uzunömürlü və sağlam həyat yaşaması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq əhalinin sayı 2000-ci ilin sonuna nisbətən 26,1 faiz artaraq, 1 iyul 2019-cu il tarixə 458 min nəfərə yaxın olub. Müqayisə olunan dövrdə 1 yaşadək uşaq ölümlərinin azalması da əhali artımını təmin edib. Belə ki, 2000-ci ildə muxtar respublikada hər 1000 diri doğulan hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 11,2 nəfər təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 2,3 nəfər olub.

Muxtar respublikada qeydə alınmış 1 yaşa qədər ölən uşaqların say göstəricisi respublikanın digər regionlarının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya, Fransa, İtaliya, Avstriya, Belçika, Yunanıstan, Niderland, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Latviya, Litva, Xorvatiya, İspaniya, Bosniya və Herseqovina kimi ölkələrdəki müvafiq göstəricilərdən azdır.

Əhalinin ölüm səviyyəsinin aşağı düşməsində müşahidə olunan pozitiv tendensiyalar da muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğunun artmasına təsir edib. Belə ki, 2000-ci ildə muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğu 70,9 yaş, o cümlədən kişilərdə 68,8 yaş, qadınlarda isə 73 yaş təşkil edirdisə, 2018-ci ilin yekun nəticələrinə görə bu göstərici 78,6 yaş, o cümlədən kişilərdə 76,6 yaş, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.

Muxtar respublikada qeydə alınmış yeni doğulanlarda gözlənilən ömür uzunluğu göstəricisi respublikanın digər regionlarından və Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Latviya, Litva, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro kimi Avropa ölkələrindəki müvafiq göstəricilərdən çoxdur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Statistika  





Xəbər lenti