Məşhurlar bürclərə inanırmı? – SORĞU

Məşhurlar bürclərə inanırmı? – SORĞU
  10 Dekabr 2013    Oxunub:11297
Bürclərin insan həyatına və xarakterinə təsiri var, yoxsa bu, sadəcə kiminsə uydurması, təxəyyülünün məhsuludur? Bax, bu dilemma uzun zamandır ki, həllini tapmayan sual kimi qalmaqdadır. Ancaq hər halda, bürclərə inanmayanlar qədər, inanlar da var. Budəfəki sorğumuz da elə bu mövzudadır. Respondentlərimizin maraqlı cavabları var:
Aybəniz Haşımova, əməkdar artist:

- Şir bürcündənəm, bəzi vaxtlar düz olur. Məncə, bürclərin insan xarakterinə təsiri var.

Günay İbrahimli, müğənni

- Dolça bürcüyəm. Ümumi xarakter olaraq, bəli, inanıram. Və sınamışam, düz çıxıb. Bəzi məqamlarda isə məncə, təsiri yoxdur.

Xanım İsmayılqızı, şair-bəstəkar:

- Qoç bürcündənəm. Bürclərə inanıram. Təbii ki, təsiri var müəyyən mənada.

Elçin İmanov, bəstəkar:

- Mən belə şeylərlə maraqlanmıram.

Elmira Ələkbərzadə, müğənni:

- Mən əqrəb bürcündənəm. İnsanın həyatına bürclər təsir edə bilməz, mən buna inanmıram, çünki bizə nəfəsi verən də Allahdır, alan da. Astroloji proqnozlar və sair şeylər mənlik deyil, maraqlısı odur ki, hamı mənim əqrəb olduğumu eşidəndə "vay vay vay" sözlərini deyirlər, amma heç maraqlanmıram.

Ağaxan Salmanlı, aktyor

- Mən, ümumiyyətlə, inanclıyam. Bürclərə, onların biotəsirinə, əlamətlərə inanıram. Ən emosional bürc hansıdır? Həssas, kövrək, istiqanlı, tez inciyən bürc hansıdır - bax, o, mənim bürcümdür: Əqrəb bürcü. İlim isə şərqdə müdrik sayılan ilandır.

Samirə Mustafayeva, teleaparıcı:

- Bürclərə inamım 18 yaşına qədər idi. Əkizlər bürcüyəm. Məncə, insan daha real düşünməlidir. Mənim bürcüm haqqımda verilən xarakteristika ilə tam razıyam. Amma həyatımı, günümü heç vaxt bürclərin proqnozuna uyğun qurmaram.

Könul Arifqızı, teleaparıcı:

- Astroloji proqnozlardan gedir söhbət. Özüm əqrəbəm. Deyilənlərə görə, guya güclü bürcdür. İnsanın həyatına isə bürclər yox, oz düşüncəsi və fikri təsir edə bilər. Çünki fikirlər əməllərə çevrilir və hayatımızı formalaşdırır.

Murad Arif, teleaparıcı, prodüsser:

- İnanıram ki, insanın hansı mövsüm, hansı ay, hansı gün və günün hansı vaxtı doğulması təsadufi olmayan rəqəmlərdir. Və bu rəqəmlərin həm bizim xasiyyətimiz, həm də taleyimizlə bağlılığı çox böyükdür. Eynilə də astronomik cismlərlə də əlaqə olmamış deyil. Özüm tərəzi bürcüyəm, sentyabrda doğulmuşam. Muşahidəmə görə, biz tərəzilər yaradıcı, romantik, xəyalpərəst, qısqanc oluruq. Bir belə təsadüf ola bilməz. Hər şey doğrudur.

Fallara gəlincə isə, mənə görə savadlı tərtib olunmuş "qoroskop" hava proqnozu kimi bir şeydir. Taleyini söyləməsə də, əhvalını, kefini, səhhətini proqnozlaşdıra bilər.

Mən özüm heç bir proqnozdan asılı deyiləm. Dinləsəm də, qulaqardına vururam. Çünki adam nəyə inanıb, ürəyinə yaxın buraxsa, o da başına gələcək! Mən o fallara inanmıram.

Cəlil Cavanşir, yazar:

- Bürclərə inanmıram. Amma oğlaq bürcündən olduğumu bilirəm. Məncə, bürclərin insan həyatına heç bir təsiri yoxdur. Belə əhəmiyyətsiz mövzularla yalnız evdar qadınlar və xurafata inanlar məşğul olur.

Samirə Səfərəliyeva, ANS TV-də baş redaktor:

- Çox da inanmıram, amma oxuyuram. Əkizlər bürcündənəm. Ancaq hərdən düşünürəm ki, ulduzların insan həyatına təsiri var.

Samirə Rüstəmova, jurnalist:

- Mən özüm oğlaq bürcündənəm. Bürclərə müəyyən mənada inanıram. Amma onların insan həyatına heç bir təsiri ola bilməz. Sadəcə, xarakterin formalaşmasında vacib rol oynayırlar. Proqnozlara görə hərəkət etmək isə qətiyyən düzgün deyil.

Azər İsmayılov, teleaparıcı:

- Mən bürcümə inanıram, onu bilirəm ki, ən aktiv bürcdür mənim üçün.

Günel Musa, jurnalist:

- Son zamanlarda bu mövzunun materialist fəlsəfənin xammalına çevirilməsi olduqca üzücü bir şeydir. Rəbbimizin əlbəttə, hər şeyi bir səbəbə bağlaması kimi ulduz və planet hərəkətləri də mütləq bir şeylərin informasiyasını verir. Amma bunula belə, həyatımız üzərində Rəbbimizdən başqa bir təsir səbəbi axtarmaq, Allahın yaratdığı insanların xarakterlərini və digər özəlliklərini ulduz fallarına bağlamaq yalnış bir şeydir.

Adamlar tanıyıram ki, həyatının hər saniyəsini bürclərə görə nizamlayır. Xüsusilə qızlar bu sahədə çox irəli gedirlər. Məsələn, yeni tanışlıq zamanı qızların əksəriyyətinin oğlana verdiyi ilk üç sualdan birinin “Hansı bürcdənsən?” olması günümüzün faktıdır. Əgər qız əqrəb, oğlan şir bürcündəndirsə və qız bu bürcləri tərtib edənə ata-anasından da çox inanırsa, bu iki gəncin taleyini bir-birinə göydə Allah yazsa belə, qız bu yazını sırf kitabdakı bürc uyumsuzluğuna əsaslanıb pozacaq. Çünki bir kərə beyninə yeridib o kitabdakı yazıları: “Əqrəb bürcündən olan insanlarla şir bürcü altında doğulan insanların nigahları və sevgi münasibətləri uğursuzdur”.

Əslində isə bürclərin insan həyatında heç bir təsiri yoxdur, bunlar qədim zamanlardan kahinlərin uydurmalarıdır. Dünyada təxminən 7 milyarda yaxın insan yaşayır və bu insanların 12 bürc qrupuna bölündüyünü fərz etsək, hər bir bürcdən olan insan sayı təxminən beş yüz səksən milyona çatar. Onların həyat tərzləri, yaşadıqları mühit, genetik, sosial quruluşları, düşüncə fərqlilikləri mütləq olacaq. Bunların eyni kateqoriyada dəyərləndirildiyi zaman nə qədər böyük xətalar edəcəyimizin bilinməməsi üçün insanın məntiqdən, ağıldan və bir az da riyazi bilgidən uzaqlaşmış olması lazımdır.

Aynur Qurbanqızı, jurnalist:

- Gündəlik proqnozlara əhəmiyyət vermirəm. Amma xarakterlə bağlı bürclərə çox inanıram. Əksər vaxtlarda o qədər dəqiq izah olunur ki, insan heyrət edir. Mən 23 apreldə doğulmuşam, buğa bürcüyəm. Buğa bürcü ilə bağlı yazılanları oxuyanda sanki mənim xarakterimdən bəhs edilirmiş kimi təəccüblənirəm. Buna görə də tanış olduğum şəxslərdən ilk olaraq bürcünü soruşuram. Bürcünə görə işgüzar və şəxsi dostluq münasibəti qurduğum insanların xarakterini müəyyənləşdirməyə çalışıram. Keçmiş həyat yoldaşım şir bürcündən idi. Bizim bürclər haqqında yazılmışdı ki, onların nə ailə münasibətləri, nə dostluqları alına bilməz. O zaman mümkündür ki, buğa şirin istədiyi ilə razılaşsın. Bu, tamamilə düz idi.

Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər:





Xəbər lenti