“Bakıda gördüyüm gözəlliyin vurğunu olmuşam” - Liviyanın Baş Naziri

  26 Oktyabr 2019    Oxunub : 1814
 “Bakıda gördüyüm gözəlliyin vurğunu olmuşam” - Liviyanın Baş Naziri
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviyanın Baş Naziri Faiz Saracı qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda bir daha salamlayıram. Xoş gəlmisiniz. Sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündəki fəaliyyətiniz yüksək qiymətləndirilir. Təşəkkür edirəm ki, Siz bu gün Azərbaycandasınız.

Azərbaycan artıq Qoşulmama Hərəkatında sədrliyə başlamışdır. Biz çox şadıq ki, sədr seçilməyimiz üzv ölkələrin yekdil qərarı əsasında olmuşdur. Bu, üzv dövlətlərin bizim siyasətimizə göstərdiyi böyük inamın, dəstəyin təzahürüdür. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan bu önəmli siyasi təsisatın baza prinsiplərini müdafiə edəcək. Ölkələrin müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Bandunq prinsiplərinin əsasını təşkil edir və bizim siyasətimizin də təməl prinsipləridir.

Əminəm ki, bu gün qəbul ediləcək Yekun Bəyannamədə bu prinsiplər öz əksini tapacaq və Azərbaycanın bu təsisatda rolu qeyd olunacaq.

Eyni zamanda, Sizin bu tədbirdə - Zirvə Görüşündə iştirakınız yaxşı imkan yaradır ki, ikitərəfli gündəliyi də nəzərdən keçirək və ikitərəfli əlaqələrə təkan verək. Bir daha xoş gəlmisiniz.

***
Liviyanın Baş Naziri Faiz Sarac deyib:

- Təşəkkür edirəm. Bu gözəl bir tədbir əsnasında Sizin də vaxtınız çox məhduddur. Hər şeydən öncə mən Sizi təbrik etmək istəyirəm. Bu gözəl təşkilatçılığa görə Sizi təbrik edirəm. Həmçinin öz təbrikimi yeniləmək istəyirəm ki, Azərbaycan Respublikası artıq Qoşulmama Hərəkatına sədrliyə başladı.

Arzu edirəm ki, sizin sədrliyiniz dövründə Azərbaycan daha da çiçəklənsin və öz rolunu oynasın. Həqiqətən mən Bakıda gördüyüm gözəlliyi çox alqışlayıram. Bakıda gördüyüm gözəlliyin, memarlığın vurğunu olmuşam.











Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev   Baş-Nazir