Fəvvarələr meydanında qurulan taxta evlərin sirri açıldı
AzVision.az xəbər verir ki,Azərbaycanın aparıcı və dəbli “Nargis” jurnalı “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasını təşkil edir.
“Nargis” jurnalından bildiriblər ki, dekabrın 13-dən 20-dək yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından zövq alacaq, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələrini əldə edə biləcəklər.
Yarmarkanın rəsmi açılışı dekabrın 14-də saat 19:00-da baş tutacaq. “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, tədbirə dəvət olunmuş estrada ulduzu Miri Yusif və “Beat Heaven” qrupu 3 nömrəli internatın istedadlı uşaqları ilə birgə təntənəli gecəni açıq elan edəcəklər. Burada internatda tərbiyə alan uşaqların əl işləri satışa çıxarılacaq.
Sizi suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə ki, `Şaxta baba` ilə `Qar qız` gözləyəcək.
Hər gün saat 12:00-dan qonaqlar Yeni il hitlərindən həzz alacaq, isti şokolad içəcək və “Nargis” jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulacaqlar.
Yarmarkanın təntənəli bağlanışı dekabrın 20-də olacaq. Həmin vaxt qonaqlar lotereyada iştirak edib “Nargis” jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmək şansını qazanacaqlar. Bu hədiyyələr arasında tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet və əsas priz olaraq “Pasha Travel”dan Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılacaq.
Miroslava Duma “Buro 24/7” kimi tanınmış dəbli saytın Azərbaycan versiyasının açılışı ərəfəsində sərgiyə təşrif buyuracaq və gecənin xüsusi qonağı olacaqdır.
İnternat uşaqlarının arzularını həyata keçirmək şansını qaçırmayın. Gəlin hər birimiz Şaxta baba olaq!
“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”dir.
Teqlər: